İnstitut müəllimlərinin tələbə evlərini ziyarəti davam edir
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimləri “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində tələbələrin ailələrinə ziyarətlərini davam etdirirlər.
Layihə çərçivəsində Aİİ İlahiyyat fakültəsinin dekanı, dos. Elnurə Əzizova, dekan müavini, f.f.d. Kövsər Tağıyev, İslamşünaslıq kafedrasının müəllimi, f.f.d. Faiq Əhmədzadə Abşeron rayonunda yaşayan I kurs tələbələrindən bəzilərinin ailələrini ziyarət ediblər.
Görüş zamanı valideynlərə İnstitutda tələbələrin hərtərəfli inkişafı üçün yaradılmış elm və tədris mühiti, onların peşəkar və intellektual bacarıqlarının artırılmasına yönəlmiş təlimlər, seminarlar və müxtəlif layihələr barədə məlumat verilib. Eyni zamanda, tələbələrin ilk tədris ili ərzində göstərdikləri akademik nəticələr, onların elmi və yaradıcı fəaliyyətə cəlb olunmaları, gələcək perspektivləri haqqında valideynlərlə fikir mübadiləsi aparılıb.
Valideynlər də öz növbələrində, göstərilən diqqət və qayğını yüksək qiymətləndirib, övladlarının təhsil aldıqları mühitdən məmnun olduqlarını bildiriblər. Onlar gənclərin milli-mənəvi dəyərlərə bağlı, savadlı və cəmiyyətə faydalı mütəxəssislər kimi formalaşmaları üçün təhsil müəssisəsi ilə əməkdaşlığa hazır olduqlarını qeyd ediblər.
Qeyd edək ki, “Qonağınız müəllimlərinizdir” layihəsinin məqsədi tələbələrin akademik göstəricilərinin yüksəldilməsi, müasir dövrün tələblərinə uyğun dinşünas və islamşünas mütəxəssislərin hazırlanması üçün ailə və təhsil müəssisəsi arasında əməkdaşlığın daha da gücləndirilməsidir.