İlin yekunlarına həsr olunmuş iclas keçirilib

09 Dekabr, 2025

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ilin yekunlarına həsr olunmuş iclas keçirilib.

İclasda payız semestrinin yekunları, qış imtahan sessiyasına hazırlıq, ali təhsil müəssisəsinin ümumi fəaliyyəti və cari dövrdə tədrisin təşkili məsələləri müzakirə olunub.

Tədbirdə İnstitutun rəhbər heyəti, müəllimlər və əməkdaşlar iştirak ediblər.

Aİİ rektoru, dosent Aqil Şirinov iclas iştirakçılarını salamladıqdan sonra, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn yeni təqvim ili münasibətilə səmimi arzularını ifadə edib. Rektor daha sonra 2025-ci ildə görülən işlər, qarşıda duran hədəf, məqsəd və vəzifələr barədə danışıb.

İnstitut rəhbəri dövlətin Aİİ-yə göstərdiyi davamlı diqqət və dəstəyin Aİİ-nin inkişaf strategiyasının həyata keçirilməsində böyük rol oynadığını vurğulayıb.

Rektor A. Şirinov İnstitutda təhsil şəraitinin yaxşılaşdırılması, elmi fəaliyyətin genişləndirilməsi, savadlı və vətənpərvər kadrlar hazırlığının həyata keçirilməsi istiqamətində dövlət tərəfindən yaradılan imkanların vacibliyini diqqətə çatdırıb.

Aİİ rəhbəri daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu və Aİİ-nin bu il birlikdə təşkil etdikləri “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda beynəlxalq simpoziuma diqqət çəkib. Simpoziumun uğurla keçirildiyini vurğulayan rektor qeyd edib ki, tədbirdə dünyanın müxtəlif ölkələrindən alimlərin iştirakı İnstitutun elmi nüfuzunun daha da artmasına xidmət göstərir.

Cari ildə Fond tərəfindən ali təhsil müəssisəsində təhsil alan tələbələr üçün müxtəlif adlı təqaüdlər təsis olunduğunu nəzərə çatdıran A.Şirinov bildirib ki, artıq hər bir təqaqüdün qalibləri müəyyənləşib. Rektor xüsusi dəstəyinə görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə və Mənəvi Dəyərlərin Təbliği Fonduna xüsusi minnətdarlığını ifadə edib.

Tələbələrlə mütəmadi ünsiyyətin qurulmasının vacibliyinə toxunan Aİİ rektoru vurğulayıb ki, təhsilalanların sosial və akademik həyatına diqqət və qayğı ilə yanaşmaq, eyni zamanda, yüksəkbilikli, sağlamdüşüncəli və mənəvi dəyərlərə bağlı din xadimlərinin hazırlanması Aİİ-nin ən mühüm missiyalarından biridir.

İnstitutun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent Mübariz Camalov 2025/2026-cı tədris ili payız semestri haqqında məlumat verib, eyni zamanda, qış imtahan sessiyasına hazırlıqla bağlı fikirlərini bölüşüb. Prorektor, həmçinin dərsliklərin yazılması, yeni strateji inkişaf planınına hazırlıq prosesi haqqında da danışıb.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, dosent Mirniyaz Mürsəlov “İlahiyyat nəşrləri” adı altında ötən dövr ərzində ali təhsil müəssisəsinin müəllim və əməkdaşlarının əməyi sayəsində dərc olunmuş kitablardan, eləcə də beynəlxalq simpoziumun tezislərinin çapı, məqalələrinin nəşrinə hazırlıq prosesindən də bəhs edib. O, magistratura və doktorantura səviyyələrinə qəbulla bağlı məsələlərə, İnstitut kitabxanasının fəaliyyətinə toxunub, eləcə də müəssisənin xarici əlaqələri, mətbuatla işi barədə məlumat verib.


alt menü