“Dinlər tarixi” yarışmasının qalibləri mükafatlandırılıb

08 Dekabr, 2025

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Dinlər tarixi” yarışmasının qalibləri mükafatlandırılıblar.
Müsabiqədə Aİİ İlahiyyat fakültəsinin tələbələri iştirak ediblər.
Aİİ İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova çıxış edərək bildirib ki, belə yarışmalar tələbələrin araşdırma bacarıqlarını, analitik düşünmə qabiliyyətlərini və ilahiyyat sahəsinə maraqlarını inkişaf etdirir.
E.Əzizova qeyd edib ki, bu cür müsabiqələr tələbələrin elmi dünyagörüşlərini zənginləşdirir, təhsilalanları daha fəal və məsuliyyətli olmağa sövq edir. O, belə təşəbbüslərin gənclərin öz biliklərini sınamaları və akademik mühitdə sağlam rəqabətin formalaşdırılması baxımından vacib olduğunu nəzərə çatdırıb.
Aİİ Dinşünaslıq kafedrasının müəllimi, f.f.d. Aliyə Mürsəlova belə tədbirlərin gənclərdə yalnız nəzəri bilikləri deyil, həm də praktik tədqiqat bacarıqlarını inkişaf etdirməyə şərait yaratdığını nəzərə çatdırıb. O əlavə edib ki, İnstitutun bu istiqamətdə təşəbbüsləri gələcək tədqiqatçıların yetişdirilməsi, ali təhsildə akademik ənənələrin gücləndirilməsi baxımından böyük dəyər daşıyır.
Daha sonra tələbələr tərəfindən maraqla qarşılanan müsabiqə qalibləri mükafatlandırılıblar. Beləliklə, “Dinlər tarixi” yarışmasında I yerə – “Dinşünaslıq” ixtisasının IV kurs tələbəsi Yusif Vahabov; II yerə – “İslamşünaslıq” ixtisasının II kurs tələbəsi Reyhan Şirinova; III yerə – “İslamşünaslıq” ixtisasının II kurs tələbəsi Fatimə İsrafilova və “Dinşünaslıq” ixtisasının IV kurs tələbəsi Sübhan Abdulla layiq görülüblər.

alt menü