İlahiyyat İnstitutunun yaradılmasının səkkizilliyi münasibətilə İnstitutda tədbir keçirilib
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) yaradılmasının səkkizilliyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Aİİ, Bakı İlahiyyat Kollecinin rəhbər heyəti və kollektivi iştirak edib.
Aİİ rektoru, dosent Aqil Şirinov kollektivin hər bir üzvünü ali təhsil müəssisəsinin səkkizilliyi münasibətilə təbrik edib. Eyni zamanda, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun kollektivə səmimi təbriklərini çatdırıb.
İnstitut rəhbəri Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət–din siyasətinin hazırda onun layiqli davamçısı – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Ali təhsil müəssisəsinin rektoru bildirib ki, Aİİ yarandığı gündən etibarən, ölkəmizdə din təhsilinin sistemli, elmi əsaslara söykənən, eyni zamanda, milli-mənəvi dəyərlərimizə sadiq formada təşkil olunması istiqamətində mühüm missiyanı yerinə yetirir.
A.Şirinov vurğulayıb ki, İnstitutda yetişən kadrlar cəmiyyətin müxtəlif sahələrində məsuliyyətlə fəaliyyət göstərir, dini sahədə peşəkar, həmçinin vətənpərvər, tolerant və multikultural mühitin qorunması istiqamətində nümunəvi davranışları ilə seçilirlər.
Rektor nəzərə çatdırıb ki, qeyd edilən dövrdə elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi İnstitutun inkişaf strategiyasının əsas istiqamətlərindən biri olub. Aparılan araşdırmalar, nəşr olunan elmi əsərlər, dərsliklər və metodik vəsaitlər ilahiyyat sahəsində bilik bazasının zənginləşdirilməsinə mühüm töhfələr verib.
Aİİ elmi mühitin beynəlxalq təcrübə ilə zənginləşdirilməsinə xüsusi önəm verir. Xarici ali təhsil müəssisələri və elmi mərkəzlərlə qurulmuş əməkdaşlıqlar, akademik mübadilə proqramları və birgə layihələrin həyata keçirilməsi təhsilalanların elmi dünyagörüşlərinin genişlənməsinə şərait yaradır.
İnstitut, artıq beş ildir, əməkdaşlıq müqavilələri çərçivəsində tələbələrinin xaricdə təhsillərini davam etdirmələrini həyata keçirir. Ötən ilədək bu mübadilə Qazaxıstan Respublikasının Almatı şəhərində fəaliyyət göstərən “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universiteti və Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən “29 Mayıs” Universiteti idisə, bu il əlavə iki tələbəmiz Türkiyənin Kırıkkale Universitetində təhsilini davam etdirəcək.
A.Şirinov daha sonra qeyd edib ki, müəssisədə tədrislə yanaşı, tələbələrin şəxsi inkişafı və sosial məsuliyyət hissinin formalaşdırılması da İnstitutun fəaliyyətində xüsusi yer tutur. Dil hazırlığı, əlavə təlimlər, intellektual və mənəvi inkişaf yönümlü təşəbbüslər gənclərin hərtərəfli yetişmələrinə xidmət göstərir.
Ötən müddət ərzində Aİİ ixtisaslı din xadimlərinin, ilahiyyatçıların hazırlanması, dini sahədə sağlam elmi yanaşmanın təşviqi, milli-mənəvi dəyərlərin qorunması və təbliği, radikalizmə, dini savadsızlığa qarşı maarifləndirmənin aparılması, həmçinin digər istiqamətlərdə mühüm nailiyyətlər əldə etmişdir.
İnstitut rəhbəri vurğulayıb ki, görülən işlərin eyni amal və məqsəd naminə ardıcıl şəkildə həyata keçirilməsində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəhbərliyinin və kollektivinin əməyi danılmazdır.
Dövlət Komitəsi Aİİ-ni yalnız tabeliyində olan bir təhsil müəssisəsi kimi dəyərləndirmir. Komitə din siyasətini elmi əsaslarla formalaşdıran, istiqamətverici və dayaq nöqtəsi olan qurum kimi İnstitutun fəaliyyətinə rəvac verir. Dövlət Komitəsi rəhbərliyinin İnstituta göstərdiyi xüsusi diqqət və qayğı bu yanaşmanın real təzahürüdür.
Aİİ rektoru sonda İnstitutun fəaliyyətinə göstərdikləri dəstəyə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, həmçinin ali təhsil müəssisəsinə köməklik göstərən bütün qurumlara təşəkkürünü bildirib.