İlahiyyat İnstitutunun tələbələri xaricdə təhsillərini davam etdirəcəklər
Azərbaycan İlahiyyat İnstitutunun tələbələri təhsillərini 2025/2026-cı tədris ilinin yaz semestri ərzində Qazaxıstan Respublikasının Almatı şəhərində fəaliyyət göstərən “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetində davam etdirəcəklər.
Mübadilə Azərbaycan İlahiyyat İnstitutu ilə “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universiteti arasında 2021-ci ildə imzalanmış Əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilib.
Əməkdaşlıq müqaviləsinə əsasən, sayca 5-ci tələbə mübadiləsi çərçivəsində Aİİ “İslamşünaslıq” ixtisasının III kurs tələbələri – Elgün Rəhimov və Osman Mazanov “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetində bir semestr ərzində ərəb dilində təhsil alacaqlar.
“Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetinin rektoru professor Əhməd Həsən Məhəmməd İbrahimin tələbələr və Aİİ-nin xarici əlaqələr üzrə baş mütəxəssisi Şəms Bağırova ilə görüşü təşkil olunub. Görüşdə hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətindən məmnunluq ifadə olunub. Bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.