İlahiyyat İnstitutunun tələbələri sinaqoqu ziyarət edib
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri paytaxtdakı Dağ yəhudiləri sinaqoqunu ziyarət ediblər.
Dinşünaslıq kafedrasının müəllimi, f.f.d. Aliyə Mürsəlovanın müşayəti ilə baş tutan ziyarətdə Bakı dağ yəhudiləri dini icmasının ravvini Avraam Yakubov tələbələrə icmanın və sinaqoqun fəaliyyəti haqqında məlumat verib. Ravvin Avraam Yakubov Azərbaycanda dağ yəhudilərinə məxsus sinaqoqların fəaliyyəti, yəhudilərin ölkəmizdə məskunlaşma tarixi haqqında bəhs edib.
O qeyd edib ki, Azərbaycan möhkəm tolerantlıq ənənələri olan ölkədir. Burada müxtəlif dinlərin, etnos və millətlərin, mədəniyyətlərin nümayəndələri əsrlərdir, sülh, qarşılıqlı hörmət, dostluq şəraitində yaşayıb. Tarixdən gələn bu ənənə günümüzdə də davam edir. Bütün dinlərin nümayəndələrinə eyni münasibət göstərilir, Yəhudi icmasının üzvləri dini ayinlərini və adət-ənənələrini azad şəkildə həyata keçirirlər.
Ravvin Aİİ tələbələrinin Yəhudiliyin inanc və ibadətləri, tolerantlıq və multikulturalizm kontekstində Azərbaycanda fərqli dinlərə etiqad göstərənlərin birlikdəyaşama təcrübəsi mövzularında suallarını cavablandırıb.
Qeyd edək ki, İlahiyyat İnstitutunun yaradılması haqqında Respublika Prezidentinin Sərəncamında qeyd olunduğu kimi, ali təhsil müəssisəsi qarşısında duran məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir. Bu məqsədlə İnstitut tələbələrin
Azərbaycanda mövcud müxtəlif dini ibadət ocaqlarını ziyarətini, burada mövcud şərait, müxtəlif xalqların inanc və ibadət sistemi ilə əyani tanışlığı üçün səfərlər təşkil edir.