İlahiyyat İnstitutunun müəllimi İraqda XI beynəlxalq dini və mədəniyyət forumunda iştirak edib

30 Noyabr, 2023

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İslamşünaslıq kafedrasının müəllimi, Hacı Cavad məscidinin imamı, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev 29-30 noyabr 2023-cü il tarixlərində İraqın paytaxtı Bağdad şəhərində “Al-Taf: islahat inqilabından saleh dövlət quruculuğuna” mövzusunda keçirilən XI beynəlxalq dini və mədəniyyət forumunda iştirak edib.

Konfrans dini-mədəni baxımdan Kərbəla hadisəsinə həsr edilib. Həmçinin hadisənin sosioloji, əxlaqi, tarixi mahiyyəti mövzusunda çıxışlarla yadda qalıb.

Tədbirdə bu olayın müsəlman xalqlarının mədəniyyətinə olan təsiri və digər məsələlər müzakirə olunub.

Konfrans çərçivəsində İraqın məşhur alimləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən gəlmiş alimlər arasında da səmərəli görüşlər keçirilib.

İbrahim Quliyev konfransda “Kərbəla hadisəsinin mahiyyəti və Azərbaycan mədəniyyətinə təsiri” mövzusunda elmi məruzə ilə çıxış edib. Məruzədə Kərbəla hadisəsinin mahiyyəti, başvermə səbəbləri; İmam Hüseynin genoloji xüsusiyyətləri; Kərbəla hadisəsindən bəhs edən qaynaqların mənbəşünaslıq problemləri; Aşura mərasimlərinin keçirilməsi; Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsində ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin siyasi rolundan bəhs edilib. Həmçinin ölkəmizin tarixboyu dini mənzərəsi, Kərbəla hadisəsinin xalqımızın sosial-mədəni, o cümlədən elmi-fəlsəfi və teoloji fikrə necə təsir etdiyi, Aşura mərasimlərinin düzgün, Xurafatdan uzaq şəkildə təşkil edilməsində ilahiyyatçıların və məscid imamlarının rolu barədə dolğun məlumatlar da məruzədə əks olunub.

İ. Quliyev Azərbaycanın əsrlərboyu İslam dininin tarixi-mədəni mərkəzi olması, ölkəmizin müxtəlif regionlarında mədrəsələrin, əhli-beytə mənsub şəxslərin məqbərələrinin mövcudluğu və onların dövlət tərəfindən mühafizəsi, o cümlədən dini maarifin təşkili ilə bağlı maraqlı faktları, müasir dövrdə Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti haqqında məlumatları təqdim edib.

Məruzədə qeyd olunub ki, Azərbaycan alimləri, ədib və şairləri, hətta dini təbliğin qadağan olunduğu sovet dövründə belə, Kərbəla hadisəsindən bəhs edən çoxsaylı əsər, şeir və mərsiyə yazmışlar.
Tədbiri təşkil edən qurum, öncəki konfransların təcrübəsindən irəli gələrək, sözügedən məruzələrin elmi topluda çap etdirilməsini nəzərdə tutur.

İ. Quliyev İraqın dövlət tarixi-memarlıq muzeylərinə baş çəkib və müqəddəs yerləri – Kərbəla, Nəcəf, Kufə, Kazimeyn və Samərra şəhərlərini ziyarət edib.

İ. Quliyev konfransı təşkil edən qurumların sertifikat və hədiyyələri ilə təltif olunub.

alt menü