İlahiyyat fakültəsinin kafedra müdiri beynəlxalq simpoziumda iştirak edib

29 Noyabr, 2023

Azərbaycan İlahiyyat İnstitutu Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov Türkiyədə keçirilən beynəlxalq simpoziumda məruzə ilə çıxış edib.

Türkiyə Respublikası Bülent Ecevit Universiteti (BEÜ) İlahiyyat fakültəsinin və Türkiyə Elm, Mədəniyyət və İncəsənət Tədbiqetmə və Araşdırma Mərkəzinin (İLKSAM) təşkilatçılığı ilə “Səlcuqlu Anadolusunda elm və alimlər” mövzusunda beynəlxalq simpozium keçirilib.

Bülent Ecevit Universitetinin İlahiyyat Fakültəsində keçirilən simpoziumun açılış mərasimində qurumun prorektoru, professor Bəkir Hakan Bakkal, Müfti Aşır Durgun, İlahiyyat fakültəsinin dekanı, professor Seyfullah Kara, İLKSAM-ın direktoru, fəlsəfə doktoru Ömər Sami Uzuner açılış nitqi ilə çıxış ediblər.

Onlayn formatda təşkil olunan simpozium müxtəlif elm sahələrinə dair panellər üzrə davam edib. Beynəlxalq simpoziumun panellərində moderator kimi iştirak edən dosent A.Qafarov “Selcuklu döneminde nefse dair felsefi temelendirmelere yöneltilen eleştiriler: Gazzali örneğinde bir analiz” mövzusunda məruzə ilə çıxış edib. A.Qafarov müsəlman filosofların nəfs nəzəriyyəsinə dair fəlsəfi müzakirələrinin metafizik, ontoloji, epistemoloji və esxatoloji aspektlərdən əhəmiyyətini izah edib. Daha sonra filosofların nəfsin mücərrəd substansiya olduğuna dair arqumentasiyalarından və Qəzalinin bu istiqamətdəki elmi-fəlsəfi açıqlamalara yönəltdiyi tənqidlərdən bəhs edib.

alt menü