İlahiyyat İnstitutunun maarifləndirmə tədbiri Lerik rayonunda olub
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) öz fəaliyyəti, təhsil imkanları barədə ictimaiyyəti məlumatlandırmaq, 2024–2025-ci tədris ili üzrə müəssisəyə yüksəkintellektli və savadlı gəncləri cəlb etmək məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir.
Bu istiqamətdə İnstitutun növbəti səfəri Lerik rayonuna olub. Lerik Rayon İcra Hakimiyyəti və Aİİ-nin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə abituriyentlər, orta məktəb müəllimləri, aidiyyəti qurumlarının nümayəndələri iştirak ediblər.
Lerik Rayon İcra Hakimiyyətinin nümayəndəsi Hüseyn Hüseynov tədbir iştirakçılarını salamlayıb, ölkəmizdə milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğıdan söhbət açıb. O, dini maarifləndirmənin əhəmiyyətindən bəhs edib, xüsusilə gənc nəslin məzhəbçilikdən uzaq, multikutural və tolerant mühitdə yetişməsinin vacibliyini vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Lənkəran bölgəsinin şöbə müdiri Qağayı Məmmədov təmsil etdiyi qurumun tabeliyində fəaliyyət göstərən ali təhsil müəssisəsində yaradılan şərait barədə söhbət açıb. Q.Məmmədov dövlət–din münasibətlərindən bəhs edib, Azərbaycanda dövlət başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə din xadimlərinə, ibadət yerlərinə göstərilən yüksək diqqət və qayğını xüsusi vurğulayıb.
Aİİ rektoru, dosent Aqil Şirinov ölkəmizdə dövlət–din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu, din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini diqqətə çatdırıb. Bildirib ki, bu sahədə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müdrik siyasi xətti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Rektor vurğulayıb ki, ölkəmiz bütün sahələrdə olduğu kimi, dövlət–din münasibətləri istiqamətində də nümunəvi ölkəyə çevrilib.
Rektor ali təhsil müəssisəsi haqqında geniş məlumat verərkən vurğulayıb ki, İnstitutda qarşılıqlı etimada əsaslanan şəffaf müəllim–tələbə münasibətləri hökm sürür. Ali təhsil müəssisəsində tədrisin keyfiyyətinin artırılması, təhsilalanların fənlər üzrə bilik və bacarıqlarının inkişafı istiqamətində səylə fəaliyyət göstərilir.
A.Şirinov İnstitutun məqsəd və hədəfləri, ali təhsil müəssisəsində mövcud ixtisaslar barədə ətraflı məlumat verib. Aİİ-də təhsilin bütün pillələri üzrə tədris həyata keçirildiyini qeyd edən rektor İnstitutda yaxşı oxuyan tələbələrin mübadilə proqramları vasitəsilə xaricdə təhsillərini davam etdirdiklərini vurğulayıb.
Ali təhsil müəssisəsinin rektor köməkçisi Emin Orucov Aİİ-yə qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. İnstituta qəbul olmuş hər bir abituriyentin dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan yararlanacağını bildirib. E.Orucov xarici dillərə yiyələnmək imkanları, təqaüd proqramları, xaricdə təhsil, tələbələrin sosial həyatı, Yay və Qış məktəbləri haqqında da ətraflı danışıb.