İlahiyyat İnstitutunun ilk məzunlarının diplom müdafiəsi keçirilib

20 İyun, 2022

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “Dinşünaslıq” ixtisası üzrə təhsil alan D-1801 və D-1802 qrup tələbələrinin buraxılış işlərinin müdafiəsi keçirilib.

Aİİ Yekun Dövlət Attestasiya Komissiyasının (YDAK) sədri Bakı Dövlət Universiteti (BDU) Şərqşünaslıq fakültəsi Ərəb filologiyası kafedrasının professoru Nəsrulla Məmmədov çıxış edərək, məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Alim bundan sonra da gənclərin elmi-tədqiqatlar aparmalarını, qazandıqları bilikləri həyatda uğurla reallaşdırmalarını, ölkəmiz üçün dəyərli vətəndaş, bacarıqlı mütəxəssis olmalarını tövsiyə edib.
Daha sonra Aİİ-nin IV kurs tələbələri “Abbasilər dövründə dünyəvi elmlərin təşəkkülü”, “Quran və İncildə Həzrət İsa və Xristianlıq”, “Müstəqillikdən sonra Azərbaycanda din təhsili: dövlət-din münasibətləri müstəvisində”, “Müstəqillikdən sonra Azərbaycanda din təhsili: dövlət-din münasibətləri müstəvisində” “Əndəlüsdə dünyəvi elmlər”, “İslamda Mehdilik inancı”, “Dini radikalizmin sosioloji səbəbləri”, “Farabinin əxlaq, siyasət və xoşbəxlik təsəvvürü: əlaqələndirici baxış”, “Psixi sağlamlıq və din” , “Musa Peyğəmbərin Yəhudilikdə rolu”, “Yeniyetməlik dövründə dini inkişaf”, “Uşaqlıq dövründə dini inkişaf İlkin dövr”, “İslam məzhəblərinin yaranmasına təsir edən ictimai-siyasi amillər”, “Azərbaycanda dövlət-din münasibətləri: mənəvi-əxlaqi müstəvidə”, “Yəhudilik inanc əsasları və əxlaq sistemi” mövzularında buraxılış işlərini müdafiə ediblər.

Tələbələr dissertasiya işləri ilə bağlı Şura üzvlərinin suallarını cavablandırıblar.

İnstitutun müəllimləri, dekan və kafedra müdirlərinin iştirak etdikləri müdafiədə müzakirələr aparılıb. Şura üzvləri çıxış edərək, sual və tövsiyələrini səsləndiriblər.

“Dinşünaslıq” ixtisası üzrə təhsil alan D-1801 və D-1802 qrup tələbələrinin buraxılış işlərinin yekun nəticələri qənaətbəxş hesab edilib.

Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təmin olunması məqsədilə müasir təhsil standartları və dünya təcrübəsi əsasında təsis edilmiş ali təhsil müəssisəsidir.

alt menü