İlahiyyat İnstitutunda tədbir keçirilib

17 Mart, 2022

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Novruz Bayramı ilə əlaqədar tədbir keçirilib.

Aİİ rektoru, dosent Aqil Şirinov tədbir iştirakçılarını salamladıqdan sonra, qarşıdan gələn Novruz Bayramı münasibətilə təbriklərini çatdırıb. İnstitut rəhbəri bildirib ki, Azərbaycan xalqının zəngin folklorunu, adət-ənənələrini özündə yaşadan Novruz Bayramı xalqımızın milli-mənəvi irsini, eyni zamanda, sülh və barış kimi bəşəri dəyərləri özündə təcəssüm etdirir. A.Şirinov Respublika Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlər əsasında ölkəmizin müasirləşməsini nəzərdə tutan sözlərini səsləndirib: “Müasirlik, yenilik və eyni zamanda, milli dəyərlərə, milli köklərə bağlılıq. Bugünkü Azərbaycanı təsvir edən bu ideya, artıq hamıya bəllidir. Azərbaycan xalqı daim öz milli köklərinə bağlı xalq olmuşdur və bizim gələcək uğurlarımız da məhz bu amillərlə bağlıdır. Biz tarixi irsimizin, zəngin mədəni irsimizin əsasında müasir, güclü Azərbaycan qururuq”.
Rektor Novruzun tarixindən və dini nöqteyi-nəzərdən bayramların əhəmiyyətindən, cəmiyyətdəki rolundan bəhs edib.

Ali təhsil müəssisəsinin rəhbəri daha sonra vurğulayıb ki, bayramlar, xüsusən Novruz cəmiyyətdə birləşdirici funksiya icra edir. A.Şirinov bildirib ki, Novruz - insanların bir arada olduqları, qardaşlıq, qohumluq, qonşuluq duyğularının özünü büruzə verdiyi bayramdır.

Aİİ rektoru vurğulayıb ki, iki ildir bayramları, artıq xüsusi sevinc hissi ilə qeyd edirik. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qalib Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi. Həmin ərazilərdə bu gün Novruz Bayramını qeyd edirik. Bayram tonqallarını düşmən tapdağından azad olunmuş torpaqlarımızda yandırırıq.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu Novruz Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı göndərib.

alt menü