İlahiyyat İnstitutunda Fəlsəfə Günü münasibətilə tədbir keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 20 Noyabr – Beynəlxalq Fəlsəfə Günü ilə əlaqədar elmi seminar təşkil edilib.
Tədbirin moderatoru Aİİ Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov fəlsəfənin müasir dövrdə insan düşüncəsi, cəmiyyətin məna axtarışı və bəşəriyyət üçün əhəmiyyətindən danışıb. O, dünyanın tanınmış filosof və ədiblərinin fikirlərinə istinad edərək, fəlsəfi düşüncənin aktuallığını vurğulayıb.
Məruzəçi Dinşünaslıq kafedrasının müəllimi, dosent Müşfiq Şükürov fəlsəfənin mahiyyəti, insan həyatındakı mənəvi rolu və dinlə qarşılıqlı əlaqəsi haqqında geniş məlumat verib. O, rasional fəlsəfə ənənəsindən bəhs edərkən bildirib ki, fəlsəfəni yalnız elmi-təcrübi dünyagörüşü ilə məhdudlaşdırmaq insanın daxili-mənəvi ehtiyaclarını qarşılamır.
Məruzəçi daha sonra qeyd edib ki, əsl fəlsəfi düşüncə insanın mənəvi dünyasını və dini təcrübəni nəzərə almadan bütöv şəkildə dərk oluna bilməz. M.Şükürov, həmçinin Şərq fəlsəfəsinin irrasional yönlərini və mənəvi təcrübənin idrakda xüsusi rolunu önə çəkib.
Tədbir sonda fəlsəfi düşüncənin bugünkü dünyada rolu ətrafında müzakirələrlə yekunlaşıb. Fikirlərin qarşılıqlı müzakirəsi, eləcə də məruzəçinin suallara cavabı seminarın əsas hissəsini təşkil edib.