İlahiyyat İnstitutu heyəti Biləsuvarda din xadimləri ilə görüş keçirib

05 Aprel, 2024

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Biləsuvar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə abituriyentləri maarifləndirmə tədbirləri çərçivəsində din xadimləri ilə görüş keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Biləsuvar bölgəsi üzrə şöbəsinin əməkdaşları, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Biləsuvar rayonu üzrə səlahiyyətli nümayəndəsi və din xadimləri iştirak ediblər.
Biləsuvar Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ziya Qurbanov ölkəmizdə dövlət–din münasibətlərindən bəhs edib, ölkə rəhbərliyi tərəfindən din xadimlərinə göstərilən xüsusi qayğını diqqətə çatdırıb.
QMİ-nin Biləsuvar rayonu üzrə səlahiyyətli nümayəndəsi Əlifağa Murtuzov Azərbaycan müstəqillik qazandıqdan sonra, dövlət–din münasibətlərində baş verən əsaslı dönüşdən, dini ibadət ocaqlarına qayğıdan söhbət açıb.
Aİİ rektoru, dosent Aqil Şirinov İnstitut haqqında geniş məlumat verib, müəssisədə təhsilin tamamilə ödənişsiz olduğunu vurğulayıb. Rektor bildirib ki, sərəncamda da qeyd edildiyi kimi, İnstitutun yaradılmasında əsas məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub-saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.
İnstitut rəhbəri bildirib ki, din sahəsində mütəxəssis yetişdirərkən bir məqama xüsusi diqqət yetirilməlidir – cəmiyyətə təkcə savadlı din mütəxəssisləri və xadimləri deyil, eyni zamanda, Azərbaycanın milli dəyərlərini və ictimai strukturunu mükəmməl mənimsəmiş kadrlar lazımdır.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, dosent Mirniyaz Mürsəlov ölkəmizdə İlahiyyat İnstitutunun timsalında yüksəksəviyyəli ali dini təhsil ocağının fəaliyyət göstərdiyini vurğulayıb. Prorektor bildirib ki, gənclərimiz, artıq öz ölkəmizdə dərin dini və dünyəvi bilikləri mənimsəyib, din xadimi ola bilərlər. Dini bilik üçün xaricə gedib təhsil almağa ehtiyac yoxdur. Prorektor “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisasları üzrə tələbə qəbulu həyata keçirən ali təhsil müəssisəsində tələbələrə bütün dərsliklərin pulsuz paylanıldığını, təhsilalanlara yeməkpulu və adlı təqaüdlərin verildiyini diqqətə çatdırıb.
Görüş müzakirələrlə davam edib.

alt menü