Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir

05 Aprel, 2023

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Heydər Əliyev və dövlətimizin dini məbədlərə qayğısı kontekstində milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.

Tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil olunub.

AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu Din və ictimai fikir şöbəsinin müdiri, Şərqşünaslıq İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f.f.d. Elnur Mustafayev çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin həyat tarixçəsinə nəzər saldıqda onun Azərbaycan xalqının çoxəsrlik adət-ənənələrinin, milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasında və tolerantlıq mühitinin möhkəmləndirilməsində müstəsna rol oynadığının şahidi oluruq. E.Mustafayev qeyd edib ki, məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra, ölkəmizdə dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin hüquqi əsaslarla tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və dini abidələrimizin bərpası istiqamətində sistemli, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib.

Məruzəçi ulu öndər Heydər Əliyevin Qafqazda İslamın yayılma tarixinin öyrənilməsinə, bu sahədə tədqiqatların aparılmasına xüsusi diqqət verdiyini vurğulayıb. Bildirib ki, Ulu Öndər ölkəmizdə dini ibadət ocaqlarının inşasına, təmir və bərpasına xüsusi əhəmiyyət verirdi: “Onun həmin dövrdə din sahəsində verdiyi ilk önəmli qərarlardan biri Bibiheybət məscidinin təmir və bərpası ilə bağlı idi. Məlum olduğu kimi, Azərbaycan xalqının yaddaşlarında xüsusi iz buraxan bu ibadət ocağı sovet hakimiyyəti illərində güclü repressiyaya məruz qalaraq dağıdılmışdı. Ümummilli Liderin diqqət və qayğısı ilə sözügedən ibadət ocağı qısa müddətdə yüksək səviyyədə təmir və bərpa olunaraq dindarların istifadəsinə verildi. Məscidin açılışında Heydər Əliyev özü iştirak edərək, geniş və ətraflı nitq də söylədi”.

E.Mustafayev daha sonra vurğulayıb ki, məhz həmin illərdə əsası qoyulan və hazırda uğurla həyata keçirilən uzagörən siyasətin nəticəsidir ki, Azərbaycanda dövlət müstəqilliyindən əvvəl 17 məscid mövcud idisə, hazırda məscidlərin sayı iki mindən çoxdur.

Bütün bu uğurlara Ümummilli Liderin hakimiyyəti dövründən başlayaraq, ölkəmizdə dövlət-din münasibətlərinin hüquqi tənzimlənməsi, bütün dinlərin fəaliyyətinə sərbəst şərait yaradılması və bu sahəyə böyük diqqət və qayğı göstərilməsi nəticəsində nail olunmuşdur.

alt menü