“Dini maarifləndirmədə qadının rolu” mövzusunda tədbir

07 Mart, 2023

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Dini maarifləndirmədə qadının rolu” mövzusunda tədbir keçirilib.

Açılış nitqi ilə çıxış edən Aİİ rektoru, dosent Aqil Şirinov bütün dövrlərdə qadına verilən dəyərdən, görkəmli qadın alimlərimizdən, xanım yazıçılarımızdan bəhs edib.

Aİİ rektoru daha sonra Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində onların iştirakının artırılmasının dövlət siyasətinin ayrılmaz tərkib hissəsi olduğunu diqqətə çatdırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Dini təhsil şöbəsinin müdiri Elnarə Kərimova çıxışında İlahiyyat İnstitutundan məzun olacaq qız tələbələrin dini kimliklə bərabər, milli kimliyə də sahib olan, dövlətin milli maraqlarını düşünən maarifpərvər insanlar kimi cəmiyyətdə öz yerlərini tutacaqlarına və din təhsilinə öz töhfəsini verəcəklərinə əminliyini ifadə edib.

Azərbaycan İlahiyyat İnstitutu İslamşünaslıq kafedrasının müdiri, dosent Əhməd Niyazov İslamın qadına verdiyi dəyərdən danışıb, Qurani-Kərimdən və hədislərdən nümunələr gətirib.

İlahiyyatçı və araşdırmaçı yazar Pərvin Nəsirova erkən yaşda evlənməyin fəsadları, təhsilin ailə həyatındakı rolu, qadının peşə sahibi olmasının önəmindən söhbət açıb.

Daha sonra İnstitutun “Dinşünaslıq” ixtisasının III kurs tələbəsi Nərgiz Əliyeva “Heydər Əliyevin qadınlara verdiyi dəyər və Azərbaycan qadını”, “İslamşünaslıq” ixtisasının II kurs tələbəsi Əli Rzayev “Şəhid qadınlar”, “Dinşünaslıq” ixtisasının IV kurs tələbəsi Aysu Əlizadə “Azərbaycan qadınının milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasında rolu” və “İslamşünaslıq” ixtisasının II kurs tələbəsi Məhəmməd Abbasov “İslam və dünyəvi elmlərin inkişafında qadın alimlərin töhfəsi” mövzularında çıxış ediblər.

Sonda qonaqlara təşəkkürnamə və hədiyyələr təqdim edilib.

alt menü