Ali təhsil müəssisəsinin fəaliyyəti müzakirə olunub

10 Mart, 2023

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) qarşıda duran hədəf və məqsədlərlə bağlı növbəti ümumi iclası keçirilib.

İclasda fevral ayının yekunları, ali təhsil müəssisəsinin ümumi fəaliyyəti və gələcək perspektivləri müzakirə olunub. Tədbirdə İnstitut rəhbərliyi və əməkdaşları iştirak ediblər.

Aİİ rektoru, dosent Aqil Şirinov tədris prosesi, müəllimlərin fəaliyyəti, kitabların nəşri, elmi məqalələrin çap olunması istiqamətində görülən işlər, həmçinin nəzərdə tutulmuş layihələr haqqında fikirlərini bölüşüb.
Rektor xarici universitetlərlə əlaqələrin qurulması, ikili diplom, Erasmus+, Mövlanə proqramları ilə tələbələrin xaricdə təhsil imkanları barədə danışaraq, bu yöndə görülən işlərin peşəkar mütəxəssis hazırlama baxımından məqsədyönlü fəaliyyət olduğunu nəzərə çatdırıb.

Ali təhsil müəssisəsinin rəhbəri yüksəkixtisaslı, peşəkar kadrların hazırlanması məqsədilə İnstitutda təşkil edilən ödənişsiz hazırlıq kurslarının fəaliyyətini yüksək qiymətləndirib.

Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent Mübariz Camalov imtahan sessiyasının nəticələri, qarşıya çıxan problemlər haqqında geniş məlumat verib, sözügedən məsələlərin həlli üçün təkliflərini səsləndirib.

Elm və innovasiyalar üzrə prorektor, dosent Mirniyaz Mürsəlov “İlahiyyat nəşrləri” adı altında ötən dövr ərzində ali təhsil müəssisəsinin müəllim və əməkdaşlarının əməyi sayəsində dərc olunan kitablardan danışıb. M.Mürsəlov “Din araşdırmaları” jurnalının beynəlxalq indeksli nəşrlər sırasına daxil olunması üçün həyata keçirilən təkmilləşdirmə prosesi barədə söhbət açıb. Daha sonra İlahiyyat TV-nin hazırkı fəaliyyəti, gələcək planları haqqında fikirlərini bildirib.

Aİİ İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova təqaüd alacaq tələbələr haqqında məlumat verib, təkrar imtahanların uğurla başa çatdığını qeyd edib.

İclas qarşıda duran hədəf və məqsədlərin müzakirəsi ilə davam edib.

alt menü