Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının beş ili

09 Fevral, 2023

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) yaradılmasının beşilliyi münasibətilə tədbir keçirilib.

Öncə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların və qardaş Türkiyə Respublikasında zəlzələ nəticəsində dünyasını dəyişənlərin ruhları birdəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Aİİ-nin tələbəsi Yusif Nəcəfovun təqdimatında Quran tilavəti təqdim olunub.

Açılış nitqi ilə çıxış edən Aİİ rektoru Aqil Şirinov öncə qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyib.

A.Şirinov bildirib ki, Sərəncamda da qeyd edildiyi kimi, xalqımızın tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan milli-mənəvi dəyərlərin qorunub-saxlanılması üçün çalışacaq, dini ədavət və düşmənçilik meyillərinin qarşısını alacaq yüksəkixtisaslı dinşünas və islamşünas kadrların hazırlanması Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının əsas mahiyyətini ehtiva edir.

İnstitut rektoru diqqətə çatdırıb ki, ali təhsil müəssisəsinin yarandıqdan sonra apardığı tədris, təşkil etdiyi respublikadaxili və beynəlxalq elmi konfranslar, simpoziumlar, forumlar, eləcə də akademik heyətin din sahəsinə töhfə verən elmi araşdırmaları, xalqın dini baxımdan düzgün istiqamətdə maarifləndirilməsi prosesində yaxından iştirak etməsi İnstitutun Azərbaycan ictimaiyyətinin etimadını qazanmasına səbəb olub: “İlahiyyat sahəsindəki problemləri araşdıran, təhlil edən, elmi tədqiqatlar aparan və bu nümunələri çap etməyi əsas məqsədlərdən biri hesab edən Azərbaycan İlahiyyat İnstitutu keyfiyyətli nəşrləri ilə yerli və xarici elmi ictimaiyyətin daim diqqət mərkəzində olmağa çalışır.

Tədris proqramlarını beynəlxalq standartlara uyğun quran, şəffaf və keyfiyyətli tədris həyata keçirən Azərbaycan İlahiyyat İnstitutu beynəlxalq əlaqələrin genişlənməsini daim diqqət mərkəzində saxlayır. Bunun nəticəsidir ki, İnstitut dünyanın 25-dən çox aparıcı ali təhsil müəssisəsi ilə imzaladığı protokollara uyğun olaraq, həmin ali təhsil ocaqları ilə tələbə mübadiləsi həyata keçirir”.
Azərbaycan İlahiyyat İnstitutunun uğurunun bütün kollektivin uğuru olduğunu bildirən A.Şirinov kollektivin hər bir üzvünü ali təhsil müəssisəsinin beşilliyi münasibətilə təbrik edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Konstitutsiyada dövlət-din modeli müəyyən olunub. Respublikamız çoxmədəniyyətli, çoxkonfessiyalı, eyni zamanda İslam dəyərlərinin daşıyıcısı olan vətəndaşlarının say çoxluğu olan ölkələr sırasındadır. Ona görə də strateji baxımdan Azərbaycanda din sahəsində əsas vəzifə tolerant, multikultural və islami dəyərlərimizə uyğun vəhdəti həyata keçirən nümunəvi siyasət formalaşdırılıb. Ulu Öndərin əsasını qoyduğu dövlət-din münasibətləri modeli bu gün Prezidentimiz cənab İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq daha da gücləndirilib və elə bir səviyyəyə çatdırılıb ki, artıq bu model dünyada nümunə kimi qəbul olunur. Dövlət Komitəsinin sədri vurğulayıb ki, artıq İlahiyyat İnstitutunun hazırladığı yüksəkixtisaslı kadrlar ölkəmizdəki yüksək dini-mənəvi mühitin, dinlərarası harmoniyanın qorunub-saxlanılması prosesində iştirak edirlər. İlk tələbə buraxılışını həyata keçirən Azərbaycan İlahiyyat İnstitutunun məzunları rəsmi din xadimləri kimi fəaliyyət göstərirlər.

Mübariz Qurbanlı diqqətə çatdırıb ki, dini siyasiləşdirmək, dindən sui-istifadənin, eləcə də ölkəmizdəki ictimai sabitliyi, mənəvi birliyi pozmaq üçün edilən cəhdlərin qarşısını almaq bu sahədə çalışan kadrların ən ümdə vəzifələrindən biridir. Əlavə edib ki, xalqımızın milli-mənəvi dəyəri olan İslam dini əsrlərboyu nəsillərdən nəsillərə ötürələrək bu günə gəlib çatmışdır. Din pərdəsi adı altında bu dəyərlərə yad ideologiyaların təbliğinin qarşısının alınmasında, maarifləndirmə işinin effektivliyinin artırılmasında bütün səylərimizi birləşdirməliyik.

DQİDK sədri çıxışının sonunda Azərbaycan İlahiyyat İnstitutunun kollektivi və tələbələrini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, ali təhsil müəssisəsinə hədiyyə təqdim edib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi Əliheydər Zülfüqarov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Azərbaycan Respublikası elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru Gövhər Baxşəliyeva, millət vəkili Ceyhun Məmmədov, Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi yanında İctimai Nəzarət Şurasının üzvləri adından professor Şahlar Əsgərov, dini konfesiya nümayəndələri adından Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov çıxış edərək Azərbaycan İlahiyyat İnstitutunun beşilliyi münasibətilə kollektivi təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun beşillik fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.

alt menü