Azərbaycan İlahiyyat İnstitutunun rektoru “İslah və təcdid” kitabının təqdimat mərasimində iştirak edib

13 Aprel, 2021

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov “İslah və təcdid” seriyasından olan kitabların təqdimat mərasimində iştirak edib.
Sankt-Peterburq Dövlət Universitetinin İslam Araşdırmaları Mərkəzi və Moskva İslam İnstitutunun birgə layihələri olan kitabların təqdimat mərasiminə rektor onlayn formatda qoşulub.
Təqdimat mərasimində Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi və Rusiya Müftilər Şurasının sədri, müfti Şeyx Ravil Qaynutdin açılış nitqi ilə çıxış edib.
Şeyx Ravil Qaynutdin qarşıdan gələn Ramazan ayının başlanması münasibətilə bütün müsəlman aləmini təbrik edib. “İslah və təcdid” seriyasından olan bu dəyərli nümunənin İslam aləminə böyük töhfə verəcəyini vurğulayıb, layihə iştirakçılarına, redaksiya heyətinə, kitabın nəşr olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Aİİ rektoru Aqil Şirinov tədbir iştirakçılarını salamlayaraq, XX əsrin II yarısından etibarən dində yenilənmə düşüncəsinin daha fərqli istiqamətlərə yönəldiyini nəzərə çatdırıb. İnstitut rəhbəri dini mətnlərin tarixiliyi, din və modernizm, dini təcrübənin mahiyyəti, Quran qissələrinin tarixi gerçəkliyi ifadə edib-etmədiyi, İslam hüququnun universal xarakterə malik olub-olmadığı kimi məsələlərin sözügedən dövrdən etibarən müzakirə obyektinə çevrildiyini vurğulayıb.
Rektor sözügedən seriyanın son üç əsr ərzində İslam reformasiya düşüncəsinin ən öndəgələn nümayəndələri haqqında məlumatları əhatə edən kitablarının nəşr edilməsini təqdirəlayiq hal kimi qiymətləndirib. Bu layihənin İslam düşüncəsi baxımından əhəmiyyətli olacağını qeyd edib və dəvət üçün səmimi təşəkkürünü bildirib.
Tədbirdə həmçinin Moskva İslam İnstitutunun rektoru Demir Muxetdinov, Sank-Peterburq Dövlət Universitetinin rektoru Nikolay Kropaçev, Rusiyanın Sank-Peterburq şəhərindəki Dövlət Ermitajının direktoru Mixail Piotrovskiy, Kazan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Ramil Xayrutdinov da çıxış ediblər.
Qeyd edək ki, “İslah və təcdid” seriyasından olan kitab layihəsi 33 əsərdən ibarətdir. Seriya XIX-XXI əsrləri əhatə edən İslam reformasiya düşüncəsinin nümayəndələri haqqında kitablardan ibarətdir.

alt menü