Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətinin 4 ili tamam oldu

09 Fevral, 2022

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) dördillik fəaliyyətinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən öncə İnstitutun rəhbər heyəti Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, ehtiramla yad ediblər.
Tədbirdə Aİİ-nin rektoru Aqil Şirinov açılış nitqi ilə çıxış edərək, İnstitutun dördillik fəaliyyəti barədə məlumat verib. Bildirib ki, ölkədə yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını qarşısına məqsəd qoyan İnstitut qısa zamanda bir sıra nailiyyətlər əldə edib.
Məqsəd və hədəflərimizdən danışan rektor bildirib ki, İnstitut bu il ilk dəfə məzun buraxılışı həyata keçirəcək: “Hər birimiz çalışmalıyıq ki, məzun olacaq gənclərimiz savadlı, yüksək intellektə, geniş dünyagörüşünə malik, sağlam düşüncəli, Vətənini sevən mütəxəssislər olsunlar”.
Tələbələrin həm akademik, həm də şəxsi inkişafına töhfə vermək məqsədilə İnstitutda müxtəlif kurslar həyata keçirildiyini diqqətə çatdıran A.Şirinov, həmçinin gələcək layihələr haqqında da məlumat verib. İnstitutun fəaliyyətinin daha səmərəli təşkili üçün kollektivin birgə əməyini yüksək qiymətləndirib.
Aİİ rəhbəri İnstitutda tədrislə yanaşı, tədqiqat sahəsində də bir çox işlərin görüldüyünü vurğulayıb. Qeyd edib ki, ildə iki dəfə elmi jurnalımız, il ərzində müəllimlərimizin araşdırma əsərləri çap olunur. Bu əsərlərin bir çoxu yeni tədqiqat nümunələridir. Həmçinin müəllimlərimizin elmi məqalələri “Web of Science” və “Scopus” başda olmaqla nüfuzlu platformalara daxil olan beynəlxalq jurnallarda dərc olunur.
İnstitutda tədrisin daha da təkmilləşdirilməsinə xüsusi önəm verildiyini qeyd edən A.Şirinov bu məqsədlə müxtəlif qabaqcıl xarici ölkə universitetləri ilə əlaqələrin qurulduğunu nəzərə çatdırıb. İnstitutda bu semsetrdən ingilisdilli bölmənin açılacağını, Qazaxıstanda fəaliyyət göstərən Nur-Mübarək Universitetinin iki tələbəsinin Aİİ-də təhsillərini davam etdirəcəklərini vurğulayıb.
Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalov da kollektivə dördillik fəaliyyəti ilə bağlı təbriklərini çatdırıb. Tədrisin daha da təkmilləşdirilməsi, tələbələrin savadlı, yüksəkixtisaslı kadr kimi yetişməsi üçün qarşıda duran hədəfləri diqqətə çatdırıb.
Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov İnstitutun səmərəli dördillik fəaliyyəti ilə əlaqədar kollektivi təbrik edib. Kollektivin birgə əməyi nəticəsində qarşıda duran məqsəd və hədəflərə tez bir zamanda nail olacaqlarını qeyd edib.
Aİİ-nin digər rəhbər şəxsləri və əməkdaşları da dördillik fəaliyyətlə bağlı kollektivi təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində təsis edilib.

alt menü