Azərbaycan İlahiyyat İnstitutunda magistr olmaq istəyənlərin nəzərinə

11 İyun, 2020

2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi başlayıb.
Azərbaycan İlahiyyat İnstitutunda Dinşünaslıq ixtisasına daxil olan aşağıdakı ixtisaslaşmalar üzrə magistr hazırlığı həyata keçirilir:

1. Dinlərin tarixi.
2. Dinin sosiologiyası.
3. İslamşünaslıq.
4. Dinin psixologiyası.
Magistrantlar tədrislə yanaşı, yüksəkixtisaslı mütəxəssislərin elmi rəhbərliyi altında ixtisas kafedraları tərəfindən dissertasiya işi üzərində işləyirlər. Dissertasiya işini müdafiə etdikdən sonra onlar magistr dərəcəsi almağa layiq görülürlər.
Məlumat üçün bildirək ki, proqram və ixtisaslaşma seçiminə magistraturaya 23 fevral 2020-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş qəbul imtahanının (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.
Bakalavrlar 2020-ci il iyunun 8-dən 18-dək ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə proqram və ixtisaslaşma seçimini aparmalıdırlar.
İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan proqramı və həmin proqrama aid olan 20-dək ixtisaslaşmanın kodunu seçərək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"nə (https://eservices.dim.gov.az/erizemag/ixtisas1/?frm=egov) istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir.

alt menü