Azərbaycan İlahiyyat İnstitutunda “Hər rəngində mən varam” filmi nümayiş olunub

08 Noyabr, 2019

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) dəstəyi ilə lentə alınmış 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr edilən “Hər rəngində mən varam” filminin təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən Aİİ-nin rektoru Ceyhun Məmmədov 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, hər bir millətin qürur mənbəyi onun dövlət atributlarıdır. “Bayraq tariximiz, keçmişimiz, bu günümüz, müqəddəs dövlət rəmzimizdir”, – deyən rektor Azərbaycan xalqının zaman-zaman öz azadlığı uğrunda fədakar mübarizə apardığını, canı, qanı hesabına müstəqil dövlət qurduğunu, öz üçrəngli bayrağını ucaltdığını söyləyib.

C.Məmmədov ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasətini hər sahədə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanın milli dövlət atributlarını uca tutduğunu və konkret addımlarla bu ruhu gənclərə aşıladığını xüsusi vurğulayıb.

Aİİ rektoru bildirib ki, İnstitut keyfiyyətli tədrislə yanaşı, tələbələrin dünyagörüşünün formalaşdırılmasına, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsinə, vətənpərvərlik hisslərinin gücləndirilməsinə də xüsusi önəm verir. Qeyd edib ki, gənclərimiz sağlam ruhda böyüməli, milli-mənəvi dəyərlərimizi qorumalıdır.

MDTF-nin icraçı direktoru Mehman İsmayılov Azərbaycan Respublikasının Dövlət bayrağının yaranma tarixindən danışıb. Diqqətə çatdırıb ki, müstəqilliyimizin rəmzi olan bayrağımız həmişə uca tutulub, onun qorunması və mühafizəsi ilə bağlı bir çox qanun və sərəncamlar verilib.

M.İsmayılov daha sonra bildirib ki, Fond maarifləndirmə işini bir neçə istiqamətdə həyata keçirir. Bura müxtəlif mövzularda konfransların, seminarların, “dəyirmi masa”ların keçirilməsi, həmçinin kitabların nəşri, sosial videoçarxların və sənədli filmlərin hazırlanması daxildir. Maarifləndirmə işində həyata keçirilən layihələri daha çox ailə, mənəviyyat, milli kimlik, tolerantlıq, azərbaycançılıq, vətənpərvərlik, milli-mənəvi dəyərlərimiz və s. mövzuları əhatə edir.

Ali təhsil müəssisəsi ilə əməkdaşlıq əlaqələrindən söhbət açan M.İsmayılov bildirib ki, İnstitutun 43 tələbəsi bu il Fondun təsis etdiyi təqaüdlə təmin olunacaq.

Sonda Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) dəstəyi ilə lentə alınmış 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr edilən “Hər rəngində mən varam” filmi nümayiş olunub.

alt menü