Azərbaycan İlahiyyat İnstitutunda “Dini-irfani və fəlsəfi kontekstdə Nizami Gəncəvi yaradıcılığı” mövzusunda respublika elmi konfransı keçirilib

21 May, 2021

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq, Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə “Dini-irfani və fəlsəfi kontekstdə Nizami Gəncəvi yaradıcılığı” mövzusunda respublika elmi konfransı keçirilib.
“ZOOM” proqramı vasitəsilə onlayn formada təşkil olunan konfransda ölkənin müxtəlif ali təhsil müəssisələrinin, elmi qurumlarının alimləri iştirak ediblər.
Konfransın moderatoru – Aİİ Dillər və ictimai fənlər kafedrasının müdiri, f.f.d., dos. İlkin Əlimuradov konfrans iştirakçılarını salamladıqdan sonra, açılış nitqi üçün sözü Azərbaycan İlahiyyat İnstitutunun rektoru, i.f.d. Aqil Şirinova verdi.
Aİİ rektoru Aqil Şirinov konfrans iştirakçılarını salamladıqdan sonra, tədbirin ilahiyyat elminə töhfəsi baxımından önəmini diqqətə çatdırdı. Nizami Gəncəvi irsi haqqında yalnız Azərbaycan dilində deyil, həmçinin qərbdilli məqalələrə də rast gəlindiyini vurğulayan rektor onun irfan dünyasında tutduğu yeri vurğulayaraq, əsərlərindən nümunələr gətirib, tolerantlıq münasibətlərinin ədibin bədii nümunələrində necə əks olunduğundan söz açdı. Həmçinin Nizami Gəncəvinin bir çox elmlərdən xəbərdar olan görkəmli filosof, mütəfəkkir kimi şöhrət tapdığını qeyd etdi. Rektor çıxışının sonunda N.Gəncəvi yaradıcılığını İslam renessansının ən böyük töhfələrindən biri kimi qiymətləndirib, konfransın fəaliyyətində uğurlar dilədi.
Daha sonra məruzə etmək üçün söz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş icraçı direktoru Elnur Əliyevə verildi. E.Əliyev konfrans iştirakçılarını salamladıqdan sonra, ötən gün Prezident İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda müzakirələrin önəmindən bəhs etdi. Nizami Gəncəvi yaradıcılığının sivilizasiyalararası körpü rolunu oynadığını vurğulayan məruzəçi ədibin qoyub-getdiyi irsin bu gün də aktual olduğunu qeyd etdi. Nizami Gəncəvinin insanpərvər, ideal müsəlman olduğunu diqqətə çatdıraraq, məsələlərə ümumbəşəri kontekstdən yanaşdığını bildirdi.
E.Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin belə təkrarsız şəxsiyyəti tanıtmaq, dünya ictimaiyyətinə çatdırmaq üçün dövlət tərəfindən göstərilən dəstəyi xüsusi vurğulayaraq, 2021-ci ilin “Nizami ili” elan olunmasına görə cənab Prezidentə xüsusi təşəkkürünü ifadə etdi.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxış edərək, erməni faşizmi üzərində 44 günlük müharibədə qazanılan qələbə münasibətilə konfrans iştirakçılarını salamladı. Məhz bu ilin “Nizami ili” elan olunduğuna görə, böyük dühalarımızı dünyaya tanıtmaq yolunda göstərdiyi xidmətlərə görə ölkə başçısına təşəkkürünü bildirdi. Daha sonra Nizami yaradıcılığına toxunaraq, əsərlərindən nümunələr gətirib, şairin bütün insanların Tanrı qarşısında bərabər olduğunu təbliğ etdiyini vurğuladı. İnsanın yalnız elmlə riyadan, ədalətsizlikdən, zülmdən qurtula biləcəyini vurğulayan şairin yazdıqlarının bu gün də aktual olduğunu diqqətə çatdırdı.
Daha sonra AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, fil.f.d, dos. Aygün Bağırova çıxış edərək, akademik İsa Həbibbəyli adından konfrans iştirakçılarını salamladı. Nizami Gəncəvi irsinin önəmindən bəhs edərək, şairin yaradıcılığının əsrlərarası körpü olduğunu vurğuladı. Ədibin qoyub-getdiyi ədəbi irsi hər yaşda mümkün qədər yenidən oxumağın önəmini diqqətə çatdıran məruzəçi qeyd etdi ki, gənc yaşda oxucuya onun eşq fəlsəfəsi maraqlı gələ bilərsə, yaşlı insana da onun müdriklik fəlsəfəsi maraqlı gələ bilər. Ədəbiyyat İnstitutu tərəfindən “Nizami ili” çərçivəsində Nizami yaradıcılığının seçilmiş nümunələrinin Azərbaycan diasporasının köməyi ilə Hollandiya, Argentina, Polşa və başqa ölkələrdə müxtəlif dillərə tərcümə olunaraq çap edildiyini nəzərə çatdıran direktor müavini konfransın keçirilməsinə görə Aİİ kollektivinə təşəkkürünü bildirdi.
Mənəvi Dəyərlər Fondunun icraçı direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov çıxış edərək, tədbirin önəmini qeyd etdi. Nizami Gəncəvinin Azərbaycan kimliyini əks etdirən bütün keyfiyyətlərə malik bir şəxsiyyət olduğunu diqqətə çatdıraraq, onun irsinin gələcək nəsillərə çatdırılmasının vacibliyini və bu yaradıcılığın hələ uzun illər yaşamalı olduğunu vurğuladı.
Misirdəki “Vətənpərvər” Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov məruzə etmək üçün söz aldı. S.Nəsirov apardığı tədqiqatlar zamanı Azərbaycanın qəhrəman, xeyirxah, elm və ədəbiyyata bağlı şəxsiyyətlər yetişdirdiyinin şahidi olduğunu diqqətə çatdırdı. Yaşadığı və fəaliyyət göstərdiyi Misirdə Nizami Gəncəvi irsinin öyrənilməsinə və təbliğinə daim xüsusi yer ayırdıqlarını, bu görkəmli ədibi təbliğ etməklə Azərbaycanı tanıtdıqlarını xüsusi qeyd etdi.
Fasilədən sonra konfrans panellərlə davam edib.
Aİİ Dinşünaslıq kafedrasıınn müdiri, f.f.d., dos. Anar Qafarovun moderatorluq etdiyi paneldə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, fil.e.d., prof. Əlizadə Əsgərli, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, fil.e.d., prof. Vüqar Əhməd, AMEA Qafqazşünaslıq İnstitutu Gürcüstanşünaslıq şöbəsinin müdiri, dos. Vahid Ömərov, Aİİ Dillər və ictimai fənlər kafedrasının müdiri, f.f.d., dos. İlkin Əlimuradov, AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, f.f.d., dos. Faiq Ələkbərov, Sumqayıt Dövlət Universiteti Fəlsəfə, sosiologiya və politologiya kafedrasının baş müəllimi, f.f.d. Fəridə Cəbrayılova, Aİİ İslamşünaslıq kafedrasının müəllimi, f.f.d. İbrahim Quliyev məruzələrlə çıxış etdilər.
Aİİ İslamşünaslıq kafedrasının müdiri, f.f.d. Əhməd Niyazovun moderatorluq etdiyi paneldə Gəncə Dövlət Universiteti Azərbaycan tarixi kafedrasının dosenti, t.f.d. Cavid Bağırzadə, AMEA Gəncə Bölməsinin baş mütəxəssisi, t.f.d. Elnur Həsənov, Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi, t.f.d. Əli Fərhadov, Aİİ-nin doktorantı Nərgizxatun Həsənova və ölkənin bir çox ali və təhsil müəssisələrindən olan tədqiqatçıların məruzələri dinlənildi.
Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olundu.

alt menü