Azərbaycan İlahiyyat İnstitutu Türkiyənin İstanbul şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbirləri keçirir

23 Fevral, 2022

Türkiyənin İstanbul şəhərində Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar silsilə anım tədbirləri keçirilir.

İstanbul Universitetində Azərbaycan İlahiyyat İnstitutu, İstanbul Universiteti Ədəbiyyat fakültəsi, Türk Ocaqları İstanbul Şöbəsi və “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan ilk tədbirdə ali təhsil müəssisəsinin nəşr etdirdiyi “Geriyə baxma” kitabının təqdimat mərasimi təşkil olunub.

Öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik ehtiram sükutu ilə yad edilib, Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən İstanbul Universiteti Ədəbiyyat fakültəsinin tarix bölüm başqanı prof. Fatih M. Sancaktar Xocalı soyqırımından bəhs edib. F.Sancaktar soyqırımında yüzlərlə günahsız insanın ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirildiyini xatırladıb. Qeyd edib ki, Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməli, beynəlxalq təşkilatlar, dünya dövlətləri təcavüzkarın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə – Xocalı soyqırımına beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov tarixboyu ermənilərin türk-müsəlman əhalisinə qarşı düşmən münasibətində olduqlarını diqqətə çatdırıb. O qeyd edib ki, Xocalıda baş vermiş qətliam təsadüf deyil, məhz bilərəkdən və düşünülmüş şəkildə həyata keçirilib. Daha sonra bildirib ki, beynəlxalq səviyyədə qəbul edilmiş normativlər deməyə əsas verir ki, Xocalı hadisələri Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktıdır.

Türk Ocaqları İstanbul Şöbəsinin müdiri Cezmi Bayram Xocalı soyqırımını ermənilərin tarixboyu törətdikləri ən böyük vəhşilik kimi dəyərləndirib. Bildirib ki, həmin gecə Xocalıda yaşayan yerli əhali vəhşicəsinə qətlə yetirilib. Cezmi Bayram bu qanlı hadisənin dünya miqyasında tanıdılmasının vacibliyini vurğulayıb.

“Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Cəfərova tədbirdə çıxış edərək, müəllifi olduğu “Geriyə baxma” kitabı haqqında məlumat verib. Qeyd edib ki, əsər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandalları tərəfindən törədilmiş Xocalı soyqırımından bəhs edir. Soyqırımı zamanı 613 nəfər şəhid olmuşdur – onlardan 70 nəfəri ahıldır. Müəllif vurğulayıb ki, bu insanların faciəli həyatı kitabda öz əksini tapıb.

Tədbirdə “CNN Türk” televiziya kanalının hazırladığı “Qarabağ Azərbaycandır” sənədli filminin nümayişi olub.

alt menü