Azərbaycan İlahiyyat İnstitutu ilə Lənkəran Dövlət Universiteti əməkdaşlıq əlaqələri qurur

05 Aprel, 2019

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov və institutun bir qrup əməkdaşı cənub bölgəsində keçirilən tədbirlər çərçivəsində Lənkəran Dövlət Universitetində (LDU) olub.
LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qonaqlara universitetdə təhsilin səviyyəsinin yüksəldilməsi, tədrisin səmərəliliyinin artırılması istiqamətində görülən işlərdən, əldə edilən uğurlardan danışıb. Universitet rəsmisi yeni yaradılan Aİİ ilə LDU arasında qarşılıqlı əlaqələrin hər iki tərəf üçün səmərəli olacağını bildirib. Səmimi və işgüzar şəraitdə keçən söhbət zamanı ali təhsil müəssisələri arasında əməkdaşlığın istiqamətləri müzakirə edilib.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov cənub bölgəsində yeganə ali təhsil ocağı Lənkəran Dövlət Universitetində olmaqdan məmnunluğunu ifadə edərək, bu ali təhsil müəssisəsi ilə Aİİ arasında qarşılıqlı əlaqələrin yaradılmasında maraqlı olduğunu bildirib. İlahiyyat İnstitutunun fəaliyyəti haqqında məlumat verən C.Məmmədov xarici universitetlərlə yanaşı yerli təhsil müəssisələri ilə də əlaqələrin qurulması istiqamətində səylərini davam etdirdiklərini bildirib.
Görüşdə elm və tədqiqat sahəsində ikitərəfli əməkdaşlıq; maraq doğuran mövzularda təcrübələrdən qarşılıqlı faydalanma; birgə elmi konfrans, seminar, elmi-tədqiqat işləri və mühazirələrin təşkil olunması; iki ali təhsil müəssisəsi arasında müştərək fənlər üzrə müəllim mübadiləsinin formaları; yay məktəbi çərçivəsində ikitərəfli görüşlərin təşkili barədə müzakirələr aparılıb.

alt menü