Aİİ rektoru treninqdə çıxış edib

14 Oktyabr, 2024

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Quba Soyqırımı Memorial Kompleksi və “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları üçün treninq keçirib. Treninq onlayn formatda 7–11 oktyabr 2024-cü il tarixlərində təşkil olunub.
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinov treninqdə “Çoxkonfessiyalılıq və Azərbaycan Respublikasının multikulturalizm siyasəti” mövzusunda çıxış edib. Məruzədə ölkəmizdə çoxkonfessiyalılıq, multikulturalizm siyasəti, o cümlədən bu istiqamətdə görülən işlərin dövlətimiz üçün əhəmiyyəti diqqətə çatdırılıb. A.Şirinov çıxışında, həmçinin Azərbaycandakı multikultural mühit, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc birgəyaşayışı üçün yaradılmış şəraiti də xüsusi olaraq vurğulayıb.
Treninqdə BBMM-nin icraçı direktoru Rəvan Həsənovun, Mərkəzin İnformasiya təminatı və sənədlərlə iş şöbəsinin müdiri Yadigar Məmmədlinin, Analitika şöbəsinin müdiri Rəşad İlyasovun, baş məsləhətçi Araz Qurbanovun, Azərbaycan Tarix Muzeyinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Əli Fərhadovun, Azərbaycan Dillər Universiteti Fəlsəfə və ictimai elmlər kafedrasının müəllimi Leyla Hacıyevanın mühazirələri dinlənilib.
İştirakçılara “Azərbaycan multikulturalizmi fənninin predimeti və əhəmiyyəti”, “Dünya ölkələrində multikulturalizm modelləri”, “Azərbaycanın ictimai-fəlsəfi fikir tarixində tolerantlıq və multikulturalizm ideyaları”, “Azərbaycançılıq və multikulturalizm”, “Müasir dövrdə Azərbaycanda multikulturalizm” və digər mövzularda mühazirələr təqdim edilib.
Treninq zamanı geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda treninqi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.

alt menü