Aİİ-də “Azərbaycanda müasir ekologiya problemləri və onların həlli yolları” mövzusunda seminar təşkil olunub
İlahiyyat İnstitutunda “Azərbaycanda müasir ekologiya problemləri və onların həlli yolları” mövzusunda seminar keçirilib.
Tədbir Aİİ tələbələrinin iştirakı ilə baş tutub.
İlahiyyat fakültəsinin dekanı, seminarın moderatoru, dosent Elnurə Əzizova sözügedən mövzuda təlimlərin keçirilməsinin zəruriliyini diqqətə çatdırıb. Dekan ekoloji problemlərin insan həyatının bütün sahələrinə təsir etdiyini vurğulayıb, həmçinin bu səpkili seminar və təlimlərə tələbələrin fəal surətdə qatılmasını tövsiyə edib.
Milli Aerokosmik Agentliyi Ekologiya İnstitutunun direktoru, texnika elmləri doktoru, professor Bəhram Əliyev “Azərbaycanda müasir ekologiya problemləri və onların həlli yolları” mövzusunda çıxış edib. Məruzəçi dünyada yaranan ekoloji problemlərə diqqət çəkib, qlobal iqlim dəyişmələri, torpaqların deqradasiyası, ərzaq təhlükəsizliyi və onların yaratdığı fəsadlar barədə ətraflı söhbət açıb.
B.Əliyev Azərbaycanda mövcud və gözlənilən ekoloji problemlər haqqında bəhs edib, onun həlli yolları ilə bağlı danışıb. Məruzəçi şəhralaşma, ərzaq təhlükəsizliyi kimi problemlərin ölkəmizdə daha çox olduğunu, artıq su qıtlığı problemi ilə qarşılaşdığımızı bildirib. O, ekoloji problemlərin düzgün və səmərəli həllinin maariflənmədə olduğunu vurğulayıb.
Seminar müzakirələrlə davam edib.
Məlumat üçün bildirək ki, seminar Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan edilməsi haqqında Sərəncamından irəli gələn tədbirlərə uyğun olaraq təşkil olunub.