Aİİ prorektoru beynəlxalq konfransda çıxış edib

09 Avqust, 2021

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov Beynəlxalq Avropa İnterdsiplinar Tədqiqatlar Konfransında onlayn formatda çıxış edib.

“Dini radikalizmlə mübarizədə maarifləndirmənin rolu” mövzusunda məruzə edən M.Mürsəlov qeyd edib ki, dövlətin dini təhlükəsizlik məsələsi milli təhlükəsizlik qədər vacibdir. O vurğulayıb ki, dünyada, xüsusilə İslam ölkələrində radikal qrupların artması dini təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirilməsini zəruri edir. “Belə qrupların cəmiyyətdə dəstək tapmaması, radikal fikirlərin yayılmasının qarşısının alınması üçün gənclərin sistemli şəkildə maarifləndirilməsi vacibdir”, – deyə o bildirib.

Məruzəçi, həmçinin bildirib ki, təhsil müəssisələrində din tədrisinin təşkilində öz ölkəsinin maraqlarını üstün tutan milli kadrlar olmalıdır.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrindən nümayəndələrin iştirak etdikləri Beynəlxalq Konfrans Polşada təşkil olunub.

alt menü