Aİİ-nin Şamaxıda “Din, mədəniyyət və cəmiyyət” mövzusunda təşkil etdiyi “Qış məktəbi” başa çatıb

02 Fevral, 2019

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Şamaxı rayonunda təşkil etdiyi “Din, mədəniyyət və cəmiyyət” mövzusunda “Qış məktəbi” başa çatıb.
“Qış məktəbi” layihəsinin həyata keçirilməsində əsas məqsəd tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsi, onların intellektual səviyyəsinin, dünyagörüşünün zənginləşdirilməsi və layiqli vətəndaş olaraq yetişməsinə töhfə verməkdir.
“Qış məktəbi”nin sonuncu günündə tələbələr Qafqazın ən qədim məscidi olan Şamaxı Cümə Məscidini ziyarət ediblər. Cənubi Qafqazda ən qədim məscid kompleksi olan Şamaxı Cümə Məscidi 743-cü ildə inşa edilib.
Tələbələrə məscid haqqında məlumat verilərkən vurğulanıb ki, Heydər Əliyev Fondu tərəfindən dini məbədin bərpası təşəbbüsü irəli sürülmüş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 dekabr 2009-cu il tarixli Sərəncamına əsasən, burada genişhəcmli və əsaslı təmir işlərinə başlanmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə əsaslı bərpa edilən və yenidən qurulan Şamaxı Cümə Məscidinin 17 may 2013-cü il tarixdə açılışı olmuşdur. Məscidin ərazisində ikimərtəbəli inzibati və məişət binaları, məscidə gedən körpücük yenidən tikilib, həmçinin konfrans zalları, kitabxana, dəstəmaz, digər otaqlar isə təmir edilib.
Şamaxı Cümə Məscidində dini icma nümayəndələri ilə görüş zamanı məscidin imamı Mərəhmət Mustafayev Gənclər Günü ilə bağlı tələbələri təbrik edib. Məscid imamı tələbələrə ilahiyyat sahəsində biliklərini zənginləşdirməyi tövsiyə edib. Cəmiyyətimizi xurafatdan, mövhumatdan uzaq, saf, düzgün dini biliklərlə maarifləndirməyin önəminə toxunan imam M.Mustafayev tələbələri milli-mənəvi dəyərlərimizin ictimaiyyətə düzgün çatdırılması işində fəal olmağa çağırıb.
Aİİ-nin rektoru Ceyhun Məmmədov ölkəmizdə aparılan uğurlu dövlət-din siyasəti sayəsində xalqımızın əsrlərin sınağından çıxan milli adət-ənənələrinin yaşadılması üçün bütün lazımi şəraitin yaradıldığını qeyd edib. C.Məmmədov Ümummilli Liderin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutması, milli-mənəvi dəyərlərimizin qorunmasında, xüsusilə tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək dünyaya çatdırılmasında xüsusi xidmətlərini vurğulayıb. İnstitut rəhbəri Aİİ-nin yaradılmasını dövlət-din münasibətlərinə göstərilən qayğının bariz nümunəsi adlandırıb.
Rektor daha sonra qeyd edib ki, tələbələrdə vətənpərvərlik hisslərinin zənginləşdirilməsi, onların dini-mənəvi dəyərlərimizin əyani şahidi olmaları üçün davamlı olaraq rayonlarımıza səfərlər planlaşdırılır.
Dini icma nümayəndələri Aİİ tələbələrinə Şamaxının tarixi, milli-mənəvi ənənələri haqqında ətraflı məlumat veriblər. 2019-cu ilin “Nəsimi İli” və Şamaxının Gənclər Paytaxtı elan olunması haqqında danışan din xadimləri qeyd ediblər ki, ölkə Prezidenti İlham Əliyevin sözə, sənətkara, yaradıcılığa, ədəbiyyata və ümumilikdə, Azərbaycan mədəniyyətinə verdiyi misilsiz dəyər təqdirəlayiqdir.
Aİİ tələbələri Şamaxıda onlara göstərilən yüksək diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Onlar Şamaxı rayonuna səfərlə tariximizin, qədim Azərbaycanımızın canlı şahidi olduqlarını, həmçinin keçmiş nəsillərin əmanət olaraq qoyub getdiyi zəngin tarixi, nadir memarlıq nümunələrini gələcək üçün qorumağa borclu olduqlarını vurğulayıblar.
Sonra “Qış məktəbi” layihəsi çərçivəsində tələbələr üçün sonuncu seminar təşkil olunub. Seminar Aİİ-nin rektoru Ceyhun Məmmədovun təqdimatında “Azərbaycan multikulturalizmi: reallıqlar və perspektivlər” mövzusunda keçirilib. İnstitut rəhbəri qeyd edib ki, ölkəmiz müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin, konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Multikulturalizmin və tolerantlığın tarixən azərbaycanlıların həyat tərzi olduğunu vurğulayan rektor hazırda milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq, bu xüsusiyyətlərin Azərbaycan Dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrildiyini bildirib.
C.Məmmədov ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi kursun hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini qeyd edib. O, Respublikamızda dini dözümlülüyün, müxtəlifliyin qorunmasında, tolerantlıq və multikuturalizm ənənələrinin möhkəmləndirilməsində, milli-mənəvi dəyərlərin təbliğində Heydər Əliyev Fondunun əvəzolunmaz xidmətlərini vurğulayıb.
Qış məktəbi çərçivəsində sonuncu səfər “Yeddi günbəz” türbələr kompleksinə olub.Tələbələr burada XVII – XVIII əsrlərdə Şamaxı xanı Mustafanın ailə üzvləri üçün salınan məzarlığın ziyarət ediblər. Burada xan nəslinə aid olan 7 qədim türbə mövcuddur. Səkkizguşəli formada tikilmiş türbələrdən, sadəcə, birinin üzərindəki yazılı daş kitabə salamat qalıb.
Tələbələrimiz böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin qəbrini ziyarət edib, əziz xatirəsini yad ediblər.
“Qış məktəbi” iştirakçıların mükafatlandırılma və sertifikatların təqdim olunması mərasimi ilə yekunlaşıb.

alt menü