Aİİ-nin kafedra müdiri beynəlxalq tədbirdə çıxış edib

13 Dekabr, 2024

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun “Nəsirəddin Tusi və fəlsəfənin ekoloji problemləri” mövzusunda təşkil etdiyi beynəlxalq konfransda iştirak edib.
Konfransda müxtəlif ölkələri təmsil edən alimlər məruzələrlə çıxış ediblər.
Aİİ Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov “Nəsirəddin Tusinin əxlaq fəlsəfəsi” mövzusunda məruzə edib.
Anar Qafarov məruzəsində mövcud vəziyyətdə baş verən ekoloji problemlərin kökündə dayanan təbii amillərlə yanaşı, həmçinin insan təbiətinin mənəvi-ekoloji harmoniyasının pozulması halını da qeyd edib. Məruzəçi ekoloji problemlərin həllinə, ilk növbədə, insanın daxili aləmində sağlam mənəvi-ekoloji mühitin bərpa edilməsindən başlanılmasının vacibliyinə diqqət çəkib. A.Qafarov bu kontekstdə əxlaq fəlsəfəsinə, o cümlədən filosofların ətraf mühitə dair münasibətlərində sağlam əxlaq şüuru formalaşdıracaq əsərlərə müraciət edilməsinin aktual olduğunu bildirib.
Daha sonra Nəsirəddin Tusinin əxlaq fəlsəfəsinin mövzu ilə bağlı əhəmiyyətindən danışan A.Qafarov fərdin əxlaq şüuru ilə vicdan arasındakı əlaqəsindən, vicdanın Nəsirəddin Tusinin əxlaq fəlsəfəsindəki yerindən və bu məfhuma alternativ olan terminlərdən bəhs edib.
Beynəlxalq konfrans yerli və digər ölkə alimlərinin məruzələri və dəyərləndirmələri ilə sona çatıb.

alt menü