Aİİ-də “Bir şəhər bir mədəniyyət: Şuşanın türk-İslam mədəniyyətindəki yeri” mövzusunda “dəyirmi masa” təşkil olunub
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Bir şəhər bir mədəniyyət: Şuşanın türk-İslam mədəniyyətindəki yeri” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbir Aİİ tələbələrinin iştirakı ilə baş tutub. İnstitutun İlahiyyat fakültəsinin dekanı, tədbirin moderatoru dosent Elnurə Əzizova çıxış edərək, Şuşanın tarixboyu Azərbaycanın mədəni, ictimai-siyasi həyatındakı rolundan ətraflı söhbət açıb.
Aİİ İslamşünaslıq kafedrasının dosenti Rəşad Mustafa çıxış edib. Məruzəçi Şuşanın strateji coğrafi şəraitdə yerləşməsi, şəhər olaraq salınmasının tarixi barədə danışıb, Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olduğunu vurğulayıb.
Daha sonra İslamşünaslıq kafedrasının müdiri, dosent Əhməd Niyazov çıxış edib. O, daha çox abidələrə, onların tarixinə diqqət çəkib, Şuşanın mədəniyyət tarixinin arxivlərdəki təzahürləri barədə ətraflı danışıb.
Məlumat üçün bildirək ki, “dəyirmi masa” Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq hazırlanmış tədbirlər planına əsasən baş tutub.