Aİİ-də “Qurani-Kərim"in digər dillərə tərcüməsi” mövzusunda seminar təşkil olunub

01 Aprel, 2019

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Ukrayna “Ostrojskaya Akademiya” Milli Universitetinin İslam Araşdırmaları Mərkəzinin direktoru, “Qurani-Kərim”in Ukrayna dilinə tərcüməçisi, tarix üzrə fəlsəfə doktoru Mixail Yakuboviçin təqdimatında “Qurani-Kərim"in digər dillərə tərcüməsi” mövzusunda seminar təşkil olunub.

Aİİ rəhbərliyi, müəllim və tələbə heyətinin iştirak etdiyi seminarı İnstitutun Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov idarə edib. A.Şirinov tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi istiqamətində müxtəlif mövzularda təşkil olunan seminarlar, “dəyirmi masa”lar, təlimlər haqqında məlumat verib. Mövzunun aktuallığına toxunan A.Şirinov qeyd edib ki, tələbələrin ixtisaslarına uyğun peşə vərdişlərinə yiyələnmələri üçün belə tədbirlərin keçirilməsi əhəmiyyətlidir.

Ukrayna “Ostrojskaya Akademiya” Milli Universitetinin İslam Araşdırmaları Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru, “Qurani-Kərim”i ilk dəfə Ukrayna dilinə tam tərcümə etmiş Mixail Yakuboviç “Qurani-Kərimin digər dillərə tərcüməsi” mövzusunda geniş məruzə edib.

M.Yakuboviç qeyd edib ki, “Qurani-Kərim” ərəb dilində nazil olduğu üçün digər millətlər İslam dinini qəbul etdikdən sonra, Müqəddəs Kitabı və başqa dini ədəbiyyatı öz ana dillərində oxumağa ehtiyac hiss ediblər.

M.Yakuboviç kitabın əsl mənasını qoruyaraq, “Qurani-Kərim”i Ukrayna oxucusunun başa düşəcəyi dildə tərcümə etməyə çalışdığını bildirib.
Daha sonra M.Yakuboviç “Qurani-Kərim” tərcümələrini müqayisəli şəkildə təhlil edib.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

alt menü