Aİİ-də Fələstinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri ilə görüş keçirilib

19 Fevral, 2020

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Fələstinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Nasir Əbdülkərim Əbdürrəhman ilə görüş keçirilib.

Aİİ-nin rektoru Ceyhun Məmmədov cənab Nasir Əbdülkərim Əbdürrəhmanı və görüş iştirakçılarını salamlayaraq, Fələstin və Azərbaycan arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Rektor Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətindən bəhs edib. Bu istiqaməti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın uğurla davam etdirdiyini vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müsəlman ölkələri ilə əməkdaşlığa böyük önəm verdiyini bildirən rektor ölkəmizdə İslam həmrəyliyinə, multikulturalizmə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi əhəmiyyət verildiyini nəzərə çatdırıb. Aİİ-nin fəaliyyət istiqamətləri, hədəfləri haqqında bəhs edən C.Məmmədov İnstitutun xarici təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduğunu söyləyib.

Sonra Fələstinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Nasir Əbdülkərim Əbdürrəhman çıxış edib. Azərbaycanın dünyanın sürətlə inkişaf edən ölkələrindən biri olduğunu, nəhəng layihələrə imza atdığını, paytaxtla yanaşı, regionların da gündən-günə inkişaf etdiyini vurğulayan səfir müsəlman ölkəsi olaraq bundan məmnunluğunu ifadə edib.

Səfir Nasir Əbdülkərim Əbdürrəhman Fələstinlə Azərbaycan arasındakı əlaqələrin keçmişə söykəndiyini, 2011-ci ildə Fələstinin Azərbaycanda Səfirliyinin açılması ilə bu əlaqələrin daha da möhkəmləndiyini vurğulayıb.

Görüş zamanı səfir Fələstin probleminin qısa tarixinə və Yaxın Şərqdə sülhün perspektivlərinə toxunub. Ölkənin qədim və indiki dövründən bəhs edən Nasir Əbdülkərim Əbdürrəhman Fələstin probleminin tarixi, bir sıra aspektləri və müasir durumu haqqında ətraflı məlumat verib, bu problemə bir sıra beynəlxalq təşkilatların və aparıcı dövlətlərin münasibətindən söhbət açıb.

Tədbirin sonunda müzakirələr aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.

alt menü