ABŞ-nin Stirling Fondunun nümayəndə heyəti İlahiyyat İnstitutunda olub

05 Sentyabr, 2023

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ABŞ-nin Stirling Fondunun nümayəndə heyəti ilə görüş olub.

Aİİ rektoru, dosent Aqil Şirinov "Şimali və Şərqi Qafqaz yəhudilərinin irsi və mədəniyyəti" mövzusunda keçirilən beynəlxalq elmi konfransın iştirakçılarından olan ABŞ-nin Stirling Fondunun prezidenti Edvard Rounun rəhbərlik etdiyi nümayəndə heyəti və İsa Məsihin Son Gün Müqəddəsləri Kilsəsinin Avropa üzrə Yetmişlər Kvorumunun nümayəndələri ilə görüşüb.

Rektor Aqil Şirinov qonaqlara ölkəmizdə mövcud olan birgəyaşayış ənənəsi, tolerantlıq mühiti barədə məlumat verib. Rektor Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını vurğulayaraq, Azərbaycan dövlətinin də ölkədəki ənənəvi dini qruplara daim qayğı ilə yanaşdığını vurğulayıb.

Ali təhsil müəssisəsinin rəhbəri Aİİ haqqında bəhs edərkən bildirib ki, tədris zamanı bütün dinlər haqqında tələbələrə geniş bilgilər verilir. Rektor İnstitut müəllimlərinin öz sahələrinin peşəkar mütəxəssisləri olduqlarını nəzərə çatdırıb.
A.Şirinov ölkəmizdə mövcud olan multikultural mühitin tanıdılmasında görülən işlər barədə danışarkən, burada yaşayan bütün dinlərin nümayəndələri ilə sıx əməkdaşlıq şəraitində çalışıldığını diqqətə çatdırıb.

Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirən ABŞ-nin Stirling Fondunun prezidenti Edvard Rou Yuta ştatında yaşayan etnik azlıqlar barədə söhbət açıb, burada mövcud kilsə və sinaqoqların tarixindən bəhs edib. Bildirib ki, Azərbaycan multikulturalizm və tolerantlıq kimi humanist dəyərləri dünyada təbliğ edir və layiqincə tətbiq edir.
Görüş zamanı ABŞ-nin Brigham Yang Universiteti ilə Azərbaycan İlahiyyat İnstitutu arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

alt menü