ABŞ-ın “Stirling” fondunun nümayəndə heyəti İlahiyyat İnstitutunda olub

18 Noyabr, 2022

“Tolerantlıq – sülh və əməkdaşlığa aparan yol kimi” beynəlxalq konfransın təşkilatçılarından olan ABŞ-ın “Stirling” fondunun nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib.

Aİİ rektoru Aqil Şirinov qonaqlara ölkəmizdə mövcud olan birgəyaşayış ənənəsi, tolerantlıq mühiti barədə məlumat verib. Rektor Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını vurğulayaraq, Azərbaycan dövlətinin də ölkədəki ənənəvi dini qruplara daim qayğı ilə yanaşdığını qeyd edib.

Ali təhsil müəssisəsinin rəhbəri Aİİ haqqında bəhs edərkən bildirib ki, tədris zamanı bütün dinlər haqqında tələbələrə geniş bilgilər verilir. Rektor İnstitut müəllimlərinin öz sahələrinin peşəkar mütəxəssisləri olduqlarını nəzərə çatdırıb.
A.Şirinov ölkəmizdə mövcud olan multikultural mühitin tanıdılmasında görülən işlər barədə danışarkən, burada yaşayan bütün dinlərin nümayəndələri ilə sıx əməkdaşlıq şəraitində çalışıldığını diqqətə çatdırıb. O, Qəbələ rayonunun Nic qəsəbəsində məskunlaşan udilər üçün təşkil olunan Xristianlıq kursu barədə də söhbət açıb. Eyni zamanda, Qubada yəhudilərin yaşadıqları “Qırmızı qəsəbə”ni İnstitut tələbələri ilə birlikdə ziyarət etdiklərini vurğulayıb.

Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirən ABŞ-ın “Stirling” fondunun prezidenti Edvard Rou Yuta ştatında yaşayan etnik azlıqlar barədə söhbət açıb, burada mövcud kilsə və sinaqoqların tarixindən bəhs edib. Bildirib ki, Azərbaycan multikulturalizm və tolerantlıq kimi humanist dəyərləri dünyada təbliğ edir və eyni zamanda, bu amilləri layiqincə tətbiq edir.
Görüş zamanı qonaqları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

alt menü