Azərbaycan İlahiyyat İnstitutuna İslamşünaslıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlərin müsahibə şərtləri!

20 İyul, 2019

Azərbaycan İlahiyyat İnstitutuna
İslamşünaslıq ixtisasına qəbul olunmaq istəyən
abituriyentlərin nəzərinə!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən yaradılmış Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq ixtisası üzrə qəbul olunmaq istəyən abituriyentlərin III ixtisas qrupu imtahanı ilə yanaşı, Dini-Psixoloji Komissiyanın təşkil etdiyi qabiliyyət imtahanından keçmələri də nəzərdə tutulur. Qabiliyyət imtahanına buraxılış balı 150 (yüz əlli) olaraq müəyyənləşdirilmişdir.
Dini-Psixoloji Komissiya (DPK) Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qabiliyyət imtahanlarını keçirmək məqsədi ilə yaradılır və tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər, psixoloqlar və DİM-in əməkdaşları daxil edilirlər.
Qabiliyyət imtahanı zamanı abituriyentlərin ümumi bilikləri, dini təsəvvürləri, psixoloji vəziyyətləri, yaradıcı təfəkkür imkanları xüsusi psixoloji metod ilə müsahibə əsasında müəyyənləşdirilir.
Qabiliyyət imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul” olaraq qiymətləndirilir. Məqbul qiymət alan abituriyentlər DİM tərəfindən keçirilən İslamşünaslıq ixtisası üzrə ixtisas seçimində iştirak edə bilərlər.
Qeyd: qabiliyyət imtahanından məqbul almış abituriyetlər DİM-in müəyyənləşdirdiyi vaxtda ixtisas seçərək ərizələrini təsdiq etməlidirlər. Əks halda, həmin abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.
Qabiliyyət imtahanı zamanı abituriyentlərin aşağıdakı bilikləri qiymətləndiriləcəkdir:
1. Dünyagörüşü və dini bilikləri:
- dinlər, habelə İslam dini barədə bilikləri;
- Azərbaycanın və dünyanın mövcud dini mənzərəsi haqqında məlumatlılığı;
- dini radikalizm, dini fanatizm və dini ekstremizmə dair bilikləri.
2. Dini baxışlar və dünyəvilik anlayışı:
- ümumi dünyagörüşündə dinin yeri və rolu;
- milli-mənəvi, habelə dini dəyərlərə baxışı;
- müasir cəmiyyətdə dinin yeri və roluna münasibəti.
3. Psixoloji parametrlərinin İslamşünaslıq ixtisasına uyğunluğu:
- gələcəkdə din xadimi kimi fəaliyyət göstərməyə münasibəti;
- dövlətçilik və vətənpərvərlik mövqeyi;
- insanlarla ünsiyyət bacarığı;
- xitabət və natiqlik qabiliyyəti.
4. Tolerantlıq və multikulturalizm təsəvvürləri:
- tolerantlıq və multikulturalizm barədə fikirləri;
- dini müxtəlifliyə münasibəti;
- davranışlarının tolerantlıq və multikulturalizm anlayışlarına uyğunluğu.

alt menü