Türkiyənin Iğdır Universitetinin rektoru Azərbaycan İlahiyyat İnstitutunda olub
Türkiyənin Iğdır Universitetinin rektoru, professor Əkrəm Gürel Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olub.
Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent Mübariz Camalov qonaqları İnstitutda görməkdən məmnun olduğunu bildirib. Ali təhsil müəssisəsi haqqında ətraflı bəhs edən M.Camalov ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafına dair məsələlərə toxunub.
İnstitutun Elm və innovasiyalar üzrə prorektoru, dosent Mirniyaz Mürsəlov Aİİ-də mövcud ixtisaslar və təhsil pillələri haqqında söhbət açıb. Qeyd edib ki, müəssisədə bakalavirat, magistratura və doktorantura pillələri üzrə tədris aparılır. Tədris zamanı bütün dinlər haqqında tələbələrə geniş məlumatlar verildiyini diqqətə çatdıran prorektor İnstitut müəllimlərinin öz sahələrinin peşəkar mütəxəssisləri olduqlarını bildirib.
Professor Əkrəm Gürel xoş qarşılanmaya görə təşəkkürünü bildirib, təmsil etdiyi qurum haqqında məlumat verib, İlahiyyat İnstitutu ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı və maraqlı olacağını diqqətə çatdırıb.
Sonda qonaq İnstitutun Kitabxana fondu ilə tanış olub.