Türkiyədə təşkil olunan beynəlxalq “Yay məktəbi” öz işinə başlayıb

22 İyul, 2026

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Bakı İlahiyyat Kollecinin tələbələri Aİİ, Türkiyə Diyanət Vəqfi və TİKA-nın birgə təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində baş tutan beynəlxalq “Yay məktəbi”ndə iştirak edirlər.
Tələbələr 20 iyul 2026-cı il tarixindən başlayan proqram çərçivəsində “Türkiyədə İslam araşdırmaları” mövzusunda seminara və “Ərəb dili” dərslərinə qatılıblar. Onlar, həmçinin İstanbul 29 Mayıs Universitetini ziyarət edərək, müəssisənin Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Təyyar Altıkulaç, rektor, professor Mustafa Sinanoğlu, İlahiyyat fakültəsinin dekanı, professor Ahmet Yücel və professor Zekeriye Güler ilə görüşüblər.
Professor Təyyar Altıkulaç ölkələrimiz arasında mövcud olan qardaşlıq münasibətlərinin elm və təhsil sahəsində əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıb. O, ilahiyyat təhsili alan tələbələrə dini elmləri klassik mənbələr əsasında dərindən öyrənməyi, tənqidi düşüncə və elmi yanaşmanı əsas tutmağı, müasir dövrün çağırışlarını düzgün dəyərləndirməyi tövsiyə edib. Professor, həmçinin gələcək fəaliyyətlərində milli-mənəvi dəyərlərə sadiq qalmağın, cəmiyyətə faydalı, yüksək mənəvi keyfiyyətlərə malik ziyalı kimi formalaşmağın vacibliyini diqqətə çatdırıb.
İlahiyyat fakültəsinin dekanı, professor Ahmet Yücel və professor Zekeriye Güler də tələbələrlə görüş zamanı 29 Mayıs Universitetinin ilahiyyat təhsili modeli, tədris prosesi və universitetin təqdim etdiyi akademik imkanlar barədə məlumat veriblər. Onlar beynəlxalq akademik mühitin tələbələrin peşəkar inkişafında mühüm rol oynadığını bildirərək, belə proqramların yeni bilik və təcrübələrin qazanılması, eləcə də müxtəlif ölkələrdən olan tələbələr arasında elmi və mədəni əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıblar.
Qeyd edək ki, proqram çərçivəsində tanınmış alim və mütəxəssislər tərəfindən “Amerikada İslam araşdırmaları”, “Ərəb dünyasında kitab və nəşriyyat mədəniyyəti”, “Əlyazma əsərlər ənənəsi”, “İslam şəhərsalma ənənəsi və memarlığı”, “Müasir dünyada əxlaqi dəyərlər”, “İnsan və cəmiyyətin dərk edilməsi”, “Müasir dövrdə ilahiyyat təhsili: hədəflər, gələcək perspektivlər” və digər mövzularda mühazirələr təşkil olunacaq. Bununla yanaşı, tələbələrin nəzəri biliklərinin praktik mühitdə möhkəmləndirilməsi məqsədilə Türkiyə Dəyanət Vəqfi İslam Araşdırmaları Mərkəzinə (İSAM), Rami Kitabxanasına, Sahni-Səman mədrəsələrinə, Fuat Sezgin Elm Tarixi Muzeyinə, həmçinin Bursa şəhərinin tarixi məkanlarına ekskursiyaların təşkil olunması nəzərdə tutulur.

alt menü