“Tələbələrdə tükənmişlik sindromunun (burn-out) səbəbləri” mövzusunda seminar keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Tələbələrdə tükənmişlik sindiromunun (burn-out) səbəbləri” mövzusunda seminar keçirilib.
Tədbirdə Aİİ və Bakı İlahiyyat Kollecinin tələbələri iştirak ediblər.
Seminar psixoloq Sevinc Kosayeva tərəfindən təqdim edilib. Tədbirdə tükənmişlik sindromunun mahiyyəti, yaranma səbəbləri, psixoloji, emosional və fizioloji təsirləri ətraflı şəkildə izah olunub.
Psixoloq qeyd edib ki, burn-out, sadəcə, yorğunluq deyil, uzunmüddətli stres nəticəsində insanın emosional, zehni və fiziki resurslarının tədricən azalması ilə xarakterizə olunan ciddi vəziyyətdir.
S.Kosayeva tələbələrdə tükənmişliyə səbəb olan amillər barədə danışarkən bildirib ki, bunlara daimi stres, informasiya yüklənməsi, rol çoxluğu, perfeksionizm, şəxsi sərhədlərin müəyyən edilməməsi, öz ehtiyaclarının arxa plana keçilməsi daxildir.
Tədbirin sonunda tükənmişlik sindromunun qarşısının alınması və idarə olunması yolları barədə praktiki tövsiyələr verilib.
Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.