Sağlam dini-mənəvi mühit birliyimizi gücləndirir, uğurlarımızı artırır

08 Fevral, 2019

Müasir dövrdə Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbərimizin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra, tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun daha da möhkəmləndi, bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Tarixən müxtəlif dinlərin və mədəniyyətlərin qovşağı olmuş Azərbaycan bu gün də eyni vəzifəni uğurla yerinə yetirir.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda vuruşmuş, bu yolda canından keçmiş müxtəlif dini konfessiyalara mənsub vətəndaşlarımızın da uyuduqları Şəhidlər Xiyabanı hazırda təkcə and yerimiz yox, həmçinin qardaşlığımızın və tolerantlığımızın rəmzidir. Azərbaycanın Milli Qəhrəmanı milliyyətcə rus Viktor Seryogin, yəhudi Albert Aqarunov xalqımızın fəxridir.
Ulu öndərimiz Heydər Əliyev xalqımızın bu xarakterik xüsusiyyətini gözəl ifadə etmişdir: “Hesab edirəm ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə uyğun yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq vardır”.
Bu gün ölkəmizdə dini etiqad azadlığının təmin olunması üçün hüquqi baza yaradılıb. Soydaşlarımızın vicdan azadlığı hüququ birbaşa Konstitusiyamızda, ətraflı şəkildə isə “Dini etiqad azadlığı haqqında” Qanunda təsbit olunub. Dahi Heydər Əliyevin memarı olduğu Konstitusiyamızın 48-ci maddəsinə görə, hər bir vətəndaş vicdan azadlığını, dinə münasibətini müstəqil müəyyənləşdirmək, dini əqidəsini sərbəst ifadə etmək və yaymaq, dini mərasimlərini sərbəst yerinə yetirmək hüququna malikdir. Bundan başqa, ölkədə tolerantlığı, dini dözümlülüyü möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları, o cümlədən, vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik beynəlxalq hüququn normalarına uyğunlaşdırılıb.
2001-ci ildə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarət edilməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə Fərman imzalanıb.
Unudulmaz Ümummilli Liderin müəyyən etdiyi siyasi kursu uğurla yerinə yetirən Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizdə dövlət-din münasibətlərinin ən yüksək səviyyədə tənzimlənməsinə nail olub.
Bu gün Azərbaycanda yalnız kilsə və sinaqoqlar deyil, eyni zamanda, bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir və onlara dövlət tərəfindən lazımi dəstək verilir. Dinlərə və dini fəlsəfi cərəyanlara münasibətdə tolerantlığı ilə seçilən Azərbaycan xalqı bu spesifik keyfiyyətinə görə nəinki Şərqdə, hətta bütün dünyada fərqlənir. Müxtəlif dini konfessiyalar tərəfindən ibadət evlərinin tikintisinə və bərpasına fərqli dini icmaların nümayəndələrinin maddi və mənəvi dəstək verməsi, ianələr toplaması tarixi keçmişimizdən miras qalan mütərəqqi ənənədir. Tolerantlığın Azərbaycan xalqının spesifik keyfiyyəti olması bütün dünyanın qəbul etdiyi və alqışladığı həqiqətdir.
Qeyd etmək vacibdir ki, dövlətimizin apardığı din siyasətinin prioritet istiqamətlərindən biri məhz tolerantlıqla bağlıdır. Belə ki, xalqımızın yüzilliklər boyu formalaşmış tolerantlıq ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək, beynəlxalq səviyyədə təşviq və təbliğ etmək dövlətin din siyasətinin əsas istiqamətlərindən biridir. Dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını həm dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə, tarixi-dini abidələrin bərpasına, həm bu istiqamətdə təşkil etdiyi beynəlxalq konfranslara münasibətdə, həm də qanunvericiliyin mahiyyətində aydın görmək mümkündür.
Azərbaycan əhalisinin, təxminən, 96 faizini müsəlmanlar, 4 faizini xristianlar, yəhudilər, bəhailər, krişnalar və digər dinlərin mənsubları təşkil edir. Xristianlığın bütün cərəyanları ölkəmizdə təmsil olunur. Azərbaycanda pravoslav, katolik, lüteran və protestant təriqətlərinin, həmçinin tarixi Alban kilsəsinin mənsubları olan xristianlar yaşayırlar. Ölkənin xristian əhalisi, əsasən, Bakı, Sumqayıt, Gəncə şəhərlərinin, həmçinin Qax (gürcü pravoslavlar), İsmayıllı, Gədəbəy, Qobustan (molokanlar), Qəbələ və Oğuz (Nic qəsəbəsində və Oğuz şəhərində alban-udilər) rayonlarında məskunlaşıblar. Katoliklər və lüteranlar daha çox Bakı şəhərində yaşayırlar.
Hazırda Prezident İlham Əliyev ölkəmizdə fəaliyyət göstərən konfessiyaların dini bayramlarında və əlamətdar günlərində ayri-seçkilik qoymadan müsəlmanlara, xristianlara və yəhudilərə təbriklər ünvanlayır, dini və milli bayramlarda insanlar arasında olur, tolerantlıq mühitinin daha da möhkəmləndirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirir. Həmçinin böyük tarixə malik dini məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirləri davam etdirir.
Azərbaycan “tolerant ölkədən tolerant dünyaya doğru” məqsədini reallaşdırmasını özünün hədəfi olaraq müəyyənləşdirib. Mənəvi haqqı olması, beynəlxalq nüfuzu, gələcəyə istiqamətlənmiş planları baxımından ölkəmizin qarşısına belə bir məqsəd qoyması təbiidir. Azərbaycan Hökuməti tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində kifayət qədər tədbirlər həyata keçirib.
Ölkəmiz son on ildə bu sahədə onlarca beynəlxalq və regional konfrans, forum və simpoziumlara ev sahibliyi edib. Fəxrlə deyə bilərik ki, Bakı şəhəri mədəniyyətlərarası dialoqun və multikulturalizmin mərkəzi sayılır.
Bunlardan əlavə, ölkəmiz tolerantlıq və multikulturalizm sahəsində öz təcrübəsini bölüşmək, həmçinin bu dəyərləri beynəlxalq aləmdə təşviq etmək məqsədilə nüfuzlu təşkilatlarla, o cümlədən, BMT, UNESCO, İSESCO, ATƏT və digər qurumlarla yaxından əməkdaşlıq edir. Azərbaycanda din sahəsində aparılan dövlət siyasətinin, ölkəmizin dinlər və mədəniyyətlərarası dialoqa dəstək verməsinin beynəlxalq aləmdə təbliğ edilməsi, həmçinin ölkəmizin tolerantlıq təcrübəsinin yayılması baxımından əhəmiyyətli tədbirlərdən biri 26-27 aprel 2010-cu il tarixdə keçirilmiş Dünya Dini Liderlərinin Bakı Sammiti olub. Sammitdə dünyanın nüfuzlu dini mərkəzlərinin nümayəndələri, o cümlədən, Rus Pravoslav, Gürcü Pravoslav, erməni qriqorian kilsələrinin rəhbərləri, Vatikanın, Konstantinopol Patriarxlığının, İslam Dünyasının nüfuzlu din xadimləri iştirak ediblər.
Şübhəsiz ki, Azərbaycanın təşkilatçı kimi ev sahibliyi etdiyi mötəbər tədbirlərdən biri Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumudur. İndiyədək Bakıda üç dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunub və hər dəfə ölkəmizə uğurlu nəticələr gətirib.
Milli-mənəvi dəyərlərimizin qorunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun xidmətləri də böyükdür. Fondun xətti ilə son illər həm ölkə daxilində, həm də xaricdə bir cox dini abidə təmir və bərpa olunub.
Ötən il ölkəmizdə din sahəsində daha yeni bir əlamətdar hadisə ilə yadda qaldı. Prezident İlham Əliyevin 2018-ci il fevralın 9-da böyük uzaqgörənliklə imzaladığı Sərəncamla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradıldı.
Sərəncamda da qeyd olunduğu kimi, Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasında əsas məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişafı, həmçinin dini fəaliyyət sahəsində peşəkar kadrların hazırlanmasını təmin etməkdir.
Bu gün Azərbaycan İlahiyyat İnstitutu ali təhsilin bütün səviyyələri üzrə dini fəaliyyətin təşkili sahəsində kadr hazırlığının təşkili, ali və əlavə təhsil proqramlarının həyata keçirilməsi və elmi tədqiqatların aparılması istiqamətində fəaliyyət göstərir.
İnstituta 2018-2019-cu tədris ili üzrə ilk tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin xətti ilə, ödənişsiz əsaslarla həyata keçirilib. Ali tədris müəssisəsinə III ixtisas qrupu üzrə iki istiqamətdə - İslamşünaslıq və Dinşünaslıq ixtisaslarına 60 tələbə qəbul olunub.
Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Azərbaycan İlahiyyat İnstitutu işini günün tələbləri səviyyəsində qurur. İnstitut fəaliyyətə başladığı gündən təlim, tərbiyə və tədris işinin təşkili və həyata keçirilməsi ilə yanaşı, maarifləndirmə və təbliğat tədbirlərinə də xüsusi önəm verir. Hazırkı dövrədək İnstitutda 99 müxtəlif mövzuda – 39 seminar və “dəyirmi masa”; ölkədəki əlamətdar hadisələrlə bağlı 6 tədbir; tələbələrin fərdi inkişafı, intellektual səviyyəsinin və mənəvi dünyasının zənginləşdirilməsi məqsədilə 6 təlim; beynəlxalq günlərə həsr olunmuş 8 tədbir; elm xadimləri ilə 2, “Səfir saatı” layihəsi çərçivəsində 4 səfirlə görüş; Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə birgə ümummili lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş 12 diskussiya; xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığın yaradılması məqsədilə 14, mətbuat nümayəndələrinin iştirakı ilə 5 görüş, tələbələrin iştirakı ilə 3 səfər təşkil edilmişdir.
Azərbaycan İlahiyyat İnstitutunda ölkədə fəaliyyət göstərən ilahiyyatçı alimlərin, tədqiqatçıların və mütəxəssislərin iştirakı ilə davamlı görüş, seminar, “dəyirmi masa” və konfranslar təşkil edilir. Bu görüşlər və tədbirlər arasında “Dindarlıq və vətənpərvərlik”, “Radikalizmlə mübarizənin metodoloji əsasları”, “İslam və incəsənət”, “Mediada dini mövzuların işıqlandırılması”, “Müasir insan və ekzistensial təbəddülatlar”, “Azərbaycanda yəhudilərin həyat tərzi”, “Çoxmilli və çoxkonfessiyalı Azərbaycan xalqının milli birlik ideyalarının formalaşmasında ənənəvi inancların rolu”, “Bəhailiyin teoloji əsasları”, “Səmavi dinlərdə qurban ibadəti”, “Vicdan məfhumunun islam fəlsəfəsindəki yeri”, “Multikulturalizmin Azərbaycan modeli”, “Sekulyarizasiya prosesi və müasir cəmiyyətdə din”, “Kərbəla hadisəsinə sosiopsixoloji, ədəbi və tarixi baxış”, “Gəncliyn fəlsəfəsi”, "Qafqaz Alban kilsəsi irsi: tarix və reallıqlar", “Rusiyada İslam: tarix və reallıqlar”, “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik”, “Azərbaycan dövlətçilik tarixində din”, “Din, hüquq və əxlaq: müqayisəli təhlil”, “Birinci Dünya müharibədsində Qafqaz müsəlmanlarının müqəddəratı məsələsi”, “Bəşəri inkişafda elmin və təhsilin rolu”, “İslamda yuxu və nəzər anlayışlarına Kvant fizikası perspektivindən baxış”, “Qəzalinin elm və irfan dünyası”, “Multikulturalizm və onun fəlsəfi əsasları”, “Mədəniyyətin müxtəlifliyindən yaranan nisbilik problemi", “İslam ənənəsində mötədillik”, “Milli-mədəni irsin təbliğ edilməsinin gənc nəslin formalaşmasında rolu”, “İslam mədəniyyətində toxuculuq sənəti”, “Azərbaycanda sufilik”, “Müasir dünyada kamil insan nümunəsi”, “İslam və incəsənət”, “Nitq – fikir və duyğuların təzahürü”, “Ərəb dilini birlikdə öyrənək” mövzularında keçirilən görüş və müzakirələr yaddaqalan olub.
Azərbaycan İlahiyyat İnstitutu tələbələrdə nitq və polemika qabiliyyətinin, özünüifadə bacarığının, tənqidi təfəkkürün formalaşmasına da xüsusi önəm verir. Bu baxımdan, “Tələbə seminarları” layihəsi xüsusi əhəmiyyət daşıyır. Layihə çərçivəsində institutun I kurs tələbələri Fərid Qasımzadənin “Həyata tələbə baxışı”, İsgəndər İsgəndərzadənin ”Varlıq nuru – Həzrəti Peyğəmbərimizə məhəbbət” mövzularında keçirdikləri seminarlar böyük maraqla qarşılanıb.
Ötən müddətdə ali tədris müəssisəsində, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, Müəllimlər Gününə, 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Gününə, Bayraq Gününə, Milli Dirçəliş Gününə, ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirlər, “Zamanın idarə olunması”, “Mən və aynamdakı əksim”, “Uğurlu karyeraya gedən yol”, “İnsan niyə tükənir”, “1-0 öndə başlamaq”, “Bozdan-rəngarəngə” mövzularında təlimlər; Beynəlxalq Tərcüməçilər Günü, Beynəlxalq Psixi Sağlamlıq Günü, Ümumdünya Müharibə və Münaqişələrdə Ətraf Mühitin İstismarının Qarşısının Alınması Günü, Dünya Elm, Sülh və İnkişaf Günü, Beynəlxalq Tolerantlıq Günü, Ümumdünya Uşaqlar Günü, Ümumdünya Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Günü, Beynəlxalq Ərəb Dili Gününə həsr edilmiş konfranslar təşkil edilib.
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ilə birgə layihə çərçivəsində ümummili lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş diskussiyalar həyata keçirib. “Azərbaycanda dini təhsil: reallıqlar və perspektivlər”, “Heydər Əliyev və multikultural dəyərlər”, “Heydər Əliyev və dövlət-din münasibətləri”, “Heydər Əliyev və milli-mənəvi dəyərlərin qorunması”, “Azərbaycanın İslam həmrəyliyindəki rolu”, “Milli-mənəvi dəyərlərin təcəssümü olan daş kitabələr: dini-tarixi abidələr”, “Dini radikalizmin səbəbləri və doğurduğu nəticələr”, “Milli kimliyimizin formalaşmasında dini dəyərlərin rolu”, “Müasir cəmiyyətdə din”, “Məzhəbçilik İslam dünyasını parçalayan tendensiya kimi”, “İslam mədəniyyətinin inkişafında Azərbaycan alimlərinin rolu” mövzularında təşkil edilmiş “dəyirmi masa”lar və müzakirələr mövzu rəngarəngliyi və maraqlı olması ilə yadda qalıb.
Eyni zamanda, tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi üçün ölkənin tanınmış simaları – elm xadimləri, ziyalıları ilə görüşlər təşkil edilib. Bu məqsədlə Xalq yazıçısı Çingiz Abdullayevlə, BDU-nun professoru Şahlar Əsgərovla, eləcə də institutda ənənəvi şəkildə keçirilməsi nəzərdə tutulan “Səfir saatı” layihəsi çərçivəsində Fələstinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Nasir Əbdül Kərim, Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özoral, İtaliyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Auqusto Massari və İndoneziyanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Hüsnan Bay Fanani ilə keçirilən görüşləri tələbələr maraqla qarşılayıblar.
Ölkədə fəaliyyət göstərən dini konfessiya rəhbərləri – Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili Aİİ-nin təşkilatçılığı ilə keçirilən “dəyirmi masa”larda müvafiq mövzularda məruzələr ediblər.
Azərbaycan İlahiyyat İnstitutunda Azərbaycan Mətbuat Şurasının sədri, MM-in deputatı Əflatun Amaşov və Şura üzvləri, aparıcı media qurumlarının rəhbərləri, jurnalistlərin iştirakı ilə mətbuat konfransı keçirilib. Toplantıda KİV nümayəndələri institutun yarandığı gündən gördüyü işlər barədə məlumatlandırılıb.
İnstitutumuz vaxtaşırı olaraq tələbələrin dünyagörüşünün formalaşması, zəngin təcrübə toplaması, bilik dairəsini genişləndirilməsi, bölgələrdəki tarixi abidələr və dövlətin din sahəsinə göstərdiyi qayğı ilə tanış olması üçün bölgələrə ekskursiyalar təşkil edir. Bu səfərlər zamanı gənclər tarixi abidələri, məbədləri, müqəddəs sayılan yerləri, türbələri ziyarət edirlər. Bayraq Gününün Cocuq Mərcanlıda qeyd edilməsi, klassik Alban məbədlərini ziyarət etmək üçün Qəbələ rayonunun Nic qəsəbəsinə və Şamaxı rayonuna səfərlər tələbələrimizin düşüncəsində dərin izlər buraxıb.
Azərbaycan İlahiyyat İnstitutu gənclərin sağlam və milli vətənpərvərlik ruhunda böyüməsi, ləyaqətli vətəndaş kimi yetişməsi istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Bu məqsədlə 10 dekabr 2018-ci il tarixdə Azərbaycan İlahiyyat İnstitutu və Azərbaycan Respublikası Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası ilə birlikdə Ümumdünya İnsan Hüquqları Günü münasibətilə “Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin Azərbaycan xalqına və onun maddi-mədəniyyət abidələrinə qarşı cinayət əməlləri” mövzusuna həsr olunan konfrans bu qəbildəndir.
Azərbaycan İlahiyyat İnstitutu xaricdə fəaliyyət göstərən ali tahsil müəssisələri ilə əlaqələrin qurulmasına, əməkdaşlığın gücləndirilməsinə və beynəlxalq konfranslarda iştiraka da xüsusi önəm verir. İnstitutun nümayəndə heyəti 21-23 noyabr 2018-ci tarixdə Rusiyanın Perm vilayətində "Miqrantların adaptasiya problemi və ekstremist ideologiyalara qarşı mübarizə" mövzusunda keçirilən konfrans çərçivəsində Moskva İslam İnstitutunun və Permdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunub. Həmçinin, görüşlərdə tərəflər arasında təhsil və elm sahəsində qarşılıqlı münasibət, tədris prosesində əldə olunmuş nailiyyətlərin tətbiqi barədə fikir mübadiləsi aparılıb. Məruzə və görüşlərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklərdən geniş bəhs olunub.
Azərbaycan İlahiyyat İnstitutunun nümayəndə heyəti 16-22 dekabr 2018-ci il tarixdə Türkiyə Respublikasında işgüzar səfərdə oldu. Səfər çərçivəsində Ankara Universiteti, Türkiyə Diyanət Vəqfi, Türkiyə Diyanət İşləri Başqanlığı və Təhsil Nazirliyində bir sıra görüşlər keçirildi. Nümayəndə heyətimiz Ankara Universiteti ilə əməkdaşlıq protokolu imzaladı. Tərəflər arasında tədris prosesindəki təcrübələrlə əyani şəkildə tanış olmaq və mövcud yeniliklərin öyrənilməsi, mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparıldı.
Səfər proqramında Türkiyənin İstanbul şəhərində İstanbul Müftiliyi, İstanbul, İstanbul Mərmərə və “29 Mayıs” universitetləri, IRCICA və İSAM rəhbərliyi; Ankarada isə Ankara Universiteti, Türkiyə Diyanət Vəqfi, Türkiyə Diyanət İşləri Başqanlığı, Təhsil Nazirliyi ilə görüşlər təşkil olundu.
Nümayəndə heyətimiz Ankara, İstanbul Mərmərə və “29 Mayıs” universitetləri ilə əməkdaşlıq protokolları imzaladı, tərəflər arasında təhsil və elm sahəsində qarşılıqlı münasibət, uzunmüddətli əməkdaşlıq, tədris prosesindəki təcrübələr ilə əyani şəkildə tanış olmaq və bu sahə üzrə mövcud yeniliklərin öyrənilməsi, mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi haqqında geniş fikir mübadiləsi aparıldı. Həmçinin, tədris metodu üzrə elmi məlumatların qarşılıqlı ötürülməsi, təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı bilikərin bölüşdürülməsi, elmi-tədqiqat proqramlarının, layihələrin birgə təşkili, tələbə mübadiləsi və digər məsələlər müzakirə olundu.
Azərbaycan İlahiyyat İnstitutu ona göstərilən inamı, etimadı və dəstəyi doğrultmaq, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab Əliyev tərəfindən uğurla və böyük uzaqgörənliklə davam etdirilən dövlət-din siyasətinə töhfə vermək üçün bütün gücünü səfərbər edərək səylə çalışır. Əsas hədəf və məqsədlərdən biri də bu təhsil müəssisəsini bölgənin ən güclü ali məktəblərindən birinə çevirməkdir.
Hazırda Azərbaycan İlahiyyat İnstitutu dövlətin diqqət və qayğısı ilə tam əhatə olunub. Bu şərəaiti yaratdığına və göstədiyi yüksək diqqət və qayğıya görə kollektivimiz adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk.

Ceyhun Məmmədov,
Azərbaycan İlahiyyat İnstitutunun rektoru

alt menü