İlahiyyat İnstitutunda “İslam memarlıq mədəniyyəti” mövzusunda tədbir keçirilib

08 May, 2026

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Respublika Prezidentinin 22 dekabr 2025-ci il Sərəncamına əsasən, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar “İslam memarlıq mədəniyyəti” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Aİİ İslamşünaslıq kafedrasının müdiri, dosent Əhməd Niyazov memarlığın yalnız texniki və estetik sahə olmadığını, eyni zamanda, cəmiyyətin mənəvi dəyərlərini və mədəni kimliyini əks etdirən mühüm irs nümunəsi olduğunu vurğulayıb. O, çıxışında İslam memarlığının tarixboyu formalaşdırdığı şəhərsalma ənənələrindən, məscid, mədrəsə və digər dini-mədəni abidələrin İslam sivilizasiyasındakı rolundan bəhs edib.

Ə. Niyazov Azərbaycan memarlıq məktəbinin də bu zəngin irsin mühüm tərkib hissəsi olduğunu diqqətə çatdırıb, xüsusilə gənclərin milli-mənəvi irsin öyrənilməsi və qorunması istiqamətində maarifləndirilməsinin vacibliyini qeyd edib.

Aİİ İslamşünaslıq kafedrasının müəllimi Zaur Orucov İslam memarlığının əsas xüsusiyyətləri, şəhərsalma mədəniyyətində estetik və funksional prinsiplər, tarixi abidələrin dini və sosial həyatda tutduğu yer barədə geniş məlumat verilib.

Z. Orucov İslam memarlığında harmoniya, sadəlik və mənəvi dəyərlərin vəhdət təşkil etdiyini vurğulayıb, müxtəlif dövrlərə aid memarlıq nümunələri əsasında mövzunu iştirakçılara izah edib.
Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.

alt menü