Rektor 1-ci kurs tələbələri ilə görüş keçirib

15 Sentyabr, 2025

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 15 Sentyabr – Bilik Günü münasibətilə tədbir keçirilib.

Aİİ rektoru, dosent Aqil Şirinov tələbələrlə görüşüb, onlara yeni tədris ilində uğurlar arzulayıb.

Rektor bildirib ki, İnstitutda keyfiyyətli təhsil almaq üçün tələbələrə hər cür şərait yaradılıb. O bildirib ki, bu fürsəti təhsilalanlar dəyərləndirməli, vaxtdan səmərəli istifadə etməli, yüksəkixtisaslı kadr kimi yetişmək üçün təkcə dərslərlə kifayətlənməməli, əlavə ədəbiyyatları da oxuyub araşdırmalıdır.

A.Şirinov dini elmlərlə yanaşı, İslama aid mənbələri dərindən öyrənmək üçün xarici dilləri, xüsusilə ərəb dilini dərindən öyrənməyin vacibliyinə toxunub.
Ali təhsil müəssisəsinin rəhbəri daha sonra Aİİ-də tələbələr üçün yaradılmış şəraitdən, ixtisasların önəmindən, tələbə–müəllim münasibətlərindən söhbət açıb. O bildirib ki, tələbələrin təhsil aldıqları müddətdə İnstitutun ictimai-sosial həyatında fəal iştirak etmələri önəmlidir, həmçinin onlar da Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi bilik yarışlarına qatıla bilərlər.

Rektor İnstitutda mövcud təqaüdlər barədə tələbələri məlumatlandırıb. Qeyd edib ki, Aİİ-yə ən yüksək balla qəbul olan tələbə bir il ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən təsis edilən Həmzə Nigarı adına təqaüdə layiq görüləcək.

Müəssisə rəhbəri daha sonra semestr ərzində ən yüksək göstəricilərə malik tələbələrə veriləcək təqaüdlər barədə danışıb. “Dinşünaslıq” ixtisası üzrə təhsil alan, semestr ərzində yüksək göstəricilərə malik olan 1 (bir) tələbə Ümummilli Lider Heydər Əliyev adına təqaüddən; eyni zamanda təhsilalanlar Qurani-Kərim qiraəti istiqamətində ixtisaslı kadrların yetişdirilməsinin stimullaşdırılması məqsədilə Seyid Yəhya Bakuvi adına təqaüddən; ərəb dili üzrə biliklərinin artırılmasına dəstək göstərmək, onların bu istiqamətdə təkmilləşməsini təşviq etmək məqsədilə təsis edilən Şeyxülislam Məhəmməd İrəvani adına təqaüddən; İnstitutda təhsil alan tələbə qızların sosial inteqrasiyasını gücləndirmək, gələcəkdə dini ixtisaslı kadr kimi formalaşmalarına dəstək vermək, erkən nikah, təhsildən yayınma və ailədaxili zorakılıq mövzusunda maarifləndirmə işi istiqamətindəki fəaliyyətlərini stimullaşdırmaq məqsədilə təsis edilən Xurşidbanu Natəvan adına təqaüddən yararlana biləcəklər. Qeyd edilən təqaüdlərin hər biri Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən təqdim edilir.

Rektor İnstitut tələbələri üçün Qafqaz Müsəlmanları İdarəsinin təsis etdiyi təqaüdlər barədə də məlumat verib. O bildirib ki, “İslamşünaslıq” ixtisası üzrə təhsil alan, yüksək göstəricilərə malik olan 1 (bir) tələbə Şeyxülislam təqaüdündən, bundan başqa, yüksək göstəricilərə malik olan daha 3 (üç) tələbə isə akademik Vasim Məmmədəliyev adına təqaüddən istifadə edəcək.

A.Şirinov sonda tələbələrə tövsiyələrini bildirib. İctimai münasibətlərdə nümunə olmağın, dövlətçiliyə sadiq vətəndaş kimi yetişməyin vacibliyinə toxunub.

alt menü