“Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

14 Mart, 2024

Mart ayının 10-da “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimləri növbəti dəfə tələbələrin ailələrini ziyarət ediblər.

Layihə çərçivəsində Aİİ İlahiyyat fakültəsinin dekanı, i.f.d., dos. Elnurə Əzizova, İslamşünaslıq kafedrasının müəllimləri – f.f.d. Faiq Əhmədzadə və f.f.d. Qafqaz Abdurahmanov Abşeron rayonunun Masazır, Qaradağ rayonunun Müşfiqabad qəsəbələrində və Xırdalan şəhərində yaşayan bəzi I kurs tələbələrinin ailələrini ziyarət ediblər.

Valideynlərə Aİİ-də təhsilalanlar üçün yaradılmış elm və təhsil mühiti, tələbələrin bilik və bacarıqlarının artırılmasına xidmət edən müxtəlif kurslar və həyata keçirilən inkişafetdirici layihələr barəsində məlumat verilib. Tələbələrin I tədris ilində əldə etdikləri nailiyyətlər, elmi və yaradıcılıq potensialı çərçivəsində onların gələcək perspektivləri haqqında valideynlərlə fikir mübadiləsi aparılıb.
Tələbələrin ailələri Aİİ rektoru, i.f.d., dos. Aqil Şirinov başda olmaqla, rəhbər və müəllim kollektivinin qayğısını yüksək qiymətləndiriblər. Onlar övladlarının gələcəkdə cəmiyyətə dini-mənəvi sahədə layiqincə xidmət edən peşəkar kadrlar kimi hazırlanmaları prosesində əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, İnstitutun İlahiyyat fakültəsinin təşəbbüsü ilə həyata keçirilən “Qonağınız müəllimlərinizdir” layihəsinin məqsədi tələbələrin akademik göstəricilərinin yüksəldilməsi, həmçinin dövrün tələblərinə cavab verən yüksəkixtisaslı dinşünas və islamşünas kadrların hazırlanması üçün ailə və təhsil qurumunun münasibətlərinin inkişaf etdirilməsi, imkanlarının dəyərləndirilməsidir.

Məlumat üçün bildiririk ki, Aİİ tələbələrin dünyagörüşünün artırılması və formalaşdırılması, intellektual səviyyələrinin yüksəldilməsi, yüksəkixtisaslı dinşünas və islamşünas kadrlar kimi yetişdirilməsi məqsədilə müxtəlif layihələr həyata keçirir.

alt menü