"Qonağınız müəllimlərinizdir" layihəsi davam edir
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimləri “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində tələbələrin ailələri ilə görüşlərini davam edir.
Layihə çərçivəsində Aİİ-nin İlahiyyat fakültəsinin dekanı, i.f.d., dos. Elnurə Əzizova, dekan müavini, s.f.d., dos. Asəf Qənbərov, İslamşünaslıq kafedrasının müəllimləri - f.f.d. Faiq Əhmədzadə və f.f.d. İbrahim Quliyev Astara və Lənkəran rayonlarında yaşayan ikinci və üçüncü kurs tələbələrindən bir neçəsinin ailəsini ziyarət ediblər.
Görüşlər zamanı valideynlərə Aİİ-də yaradılmış tələbəyönümlü təhsil mühiti haqqında ətraflı məlumat verilib, təhsilalanların bilik və bacarıqlarının artırılması istiqamətində İnstitutda təşkil olunan müxtəlif kurslar, həyata keçirilən inkişafetdirici layihələr barəsində bəhs edilib.
Tələbələrin əldə etdikləri nailiyyətlər, elmi və yaradıcılıq potensialı çərçivəsində onların gələcək perspektivi haqqında valideynlərlə fikir mübadiləsi aparılıb.
Valideynlər göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, belə təşəbbüslərin əhəmiyyətini vurğulayıblar. Onlar övladlarının milli-mənəvi dəyərlərə sadiq, sağlam mühitdə təhsil almalarından məmnun olduqlarını bildirərək, təhsil müəssisəsi ilə sıx əməkdaşlıq etməyə hazır olduqlarını nəzərə çatdırıblar.
Qeyd edək ki, “Qonağınız müəllimlərinizdir” layihəsinin məqsədi tələbələrin akademik göstəricilərinin yüksəldilməsi, müasir dövrün tələblərinə uyğun dinşünas və islamşünas mütəxəssislərin hazırlanması üçün ailə və təhsil müəssisəsi arasında əməkdaşlığın daha da gücləndirilməsidir.