Polşalı qonaqlar İlahiyyat İnstitutunda olublar

13 Sentyabr, 2022

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi və “Həyat sözü” Xristian Dini İcmasının birgə təşkilatçılığı ilə Varşava Böyük Keşişlər Seminariyasının rektoru Voyçex Bartkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti 7-14 sentyabr 2022-ci il tarixlərdə ölkəmizdə rəsmi səfərdədir. Səfərdə məqsəd Azərbaycandakı dini həmrəylik, tolerantlıq mühiti, xristian, eləcə də Alban dini məbədləri, polyak mirası və icması ilə tanış olmaqdır.

Nümayəndə heyəti sentyabrın 13-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olub. Qonaqlar Aİİ rektoru Aqil Şirinovla görüşərək, ikitərəfli əlaqələrin qurulması haqqında fikir mübadiləsi aparıblar.
Aİİ rektoru Aqil Şirinov ali təhsil müəssisəsi haqqında qonaqlara geniş məlumat verib. Aİİ-nin fəaliyyəti, ölkədaxili və xarici əlaqələri, ölkəmizin multikultural və tolerantlıq ənənələrinin təbliğindəki rolu, gələcək hədəfləri barədə danışıb. Bildirib ki, İnstitutda bakalavirat, magistratura və doktorantura pillələri üzrə tədris aparılır. O, Aİİ-də mövcud olan “İslamşünaslıq” və “Dinşünaslıq” ixtisasları, keçirilən fənlər barədə söhbət açıb.

Qonaqlar Azərbaycan İlahiyyat İnstitutunda olmaqdan məmnunluqlarını ifadə edib, ali təhsil müəssisəsinin fəaliyyətinə uğurlar arzulayıblar.

Görüş birgə əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.

Qeyd edək ki, Varşava Böyük Keşişlər Seminariyasının rektoru Voyçex Bartkoviçin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Varşava Oçota rayonunun pastoru Przemislav Çvek, Varşava Baş Yeparxiyasının Uşaq və Gənclərin Müdafiəsi üzrə Yepiskop Nümayəndəsinin müavini Mixal Turkovski və başqaları daxildirlər.

alt menü