Mingəçevirdə din xadimləri ilə görüş təşkil olunub
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə abituriyentləri maarifləndirmə tədbirləri çərçivəsində din xadimləri ilə görüş keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev Azərbaycan müstəqillik qazandıqdan sonra, dövlət–din münasibətlərində baş verən əsaslı dönüşdən, dini ibadət ocaqlarına qayğıdan söhbət açıb.
Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, dosent Mirniyaz Mürsəlov ölkəmizdə İlahiyyat İnstitutunun timsalında yüksəksəviyyəli ali dini təhsil ocağının fəaliyyət göstərdiyini vurğulayıb. M.Mürsəlov bildirib ki, cənab Prezidentin imzaladığı Sərəncamda da qeyd edildiyi kimi, İnstitutun yaradılmasında əsas məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub-saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.
Prorektor qeyd edib ki, gənclərimiz, artıq öz ölkəmizdə dərin dini-dünyəvi bilikləri mənimsəyib, din xadimi ola bilərlər. Dini bilik üçün xaricə gedib təhsil almağa ehtiyac yoxdur. Prorektor “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisasları üzrə tələbə qəbulu həyata keçirən ali təhsil müəssisəsində tələbələrə bütün dərsliklərin pulsuz paylanıldığını, təhsilalanlara yeməkpulu və adlı təqaüdlərin verildiyini diqqətə çatdırıb.
Görüş müzakirələrlə davam edib.