İndoneziyada baş tutan “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda III Beynəlxalq Simpozium panellərlə davam edib
İndoneziyanın Cokyakarta şəhərində Sunan Kalijaga Dövlət İslam Universiteti, Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Kırıkkale Universitetinin İslam elmləri fakültəsi və İslam Ölkələri Tətbiq və Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda III Beynəlxalq Simpozium panellərlə işini davam etdirib.
Panellərdə Azərbaycan, Türkiyə, İndoneziya, Malayziya, Tailand, Filippin, Banqladeş, Özbəkistan, Misir, Pakistan və digər ölkələrindən 300-dən artıq alimin məruzəsi dinlənilib.
Azərbaycan İlahiyyat İnstitutu İslamşünaslıq kafedrasının müdiri, dosent Əhməd Niyazov “Azərbaycanda XIX əsrdə müsəlman və qeyri-müsəlmanlar arasında birgəyaşama nümunələri; ortaq qəbiristanlıqlar”, ali təhsil müəssisəsi Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov “İslamofobiya bu gün: sosial-siyasi, psixoloji və dini nöqteyi-nəzərdən təhlil”, Aİİ rektorunun köməkçisi, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Fəlsəfə tarixi şöbəsinin dissertantı Emin Orucov “Hacı Bəktaş Vəlinin birgəyaşayış mədəniyyətinə verdiyi töhfə” mövzularında çıxış ediblər.
Qeyd edək ki, panellərdə “İslam mədəniyyətində birgəyaşayış prinsipinin konseptual çərçivəsi”; “Müsəlman təfəkküründə cəmiyyət anlayışları”; “Qloballaşmanın birgəyaşayışa təsiri” (irqçilik, gender ayrı-seçkiliyi, zorakılıq, gəlirlərin qeyri-bərabər bölgüsü); “İncəsənətin ictimai şüurun formalaşmasına təsiri”; “Təhsil proqramı və birgəyaşayış mədəniyyəti” (məktəbəqədər, ibtidai, orta, ali təhsil dövrləri); “Rasional və elmi əsaslara uyğun bilik formalaşdırılması”, həmçinin digər mövzular müzakirə ediləcək. Məlumat üçün bildirək ki, simpoziumun işində “Məktəblərdə din təhsilinin birgəyaşayışa töhfəsi”; “Fərqli elm sahələrində birgəyaşayış təcrübəsi”; “İndoneziyada din təhsili”; “İslamın birləşdirici xüsusiyyəti və məzhəblər”; “Siyasi və etiqadi İslam məzhəblərinin birgəyaşayış mədəniyyətinə töhfələri”; “Quranda birgəyaşayışın əhəmiyyəti”; “Hədis ədəbiyyatında birgəyaşayışın vurğulanması”; “İslam ədəbiyyatının cəmiyyətlərarası inteqrasiyaya təsiri” (fundamental mətnlər, şairlər, ozanlar); “İndoneziyada İslam və digər dinlərin nümayəndələri ilə münasibətlər” və digər mövzular üzrə müzakirələr aparılıb.
Xatırladaq ki, “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda I Beynəlxalq Simpozium 20-21 sentyabr 2022-ci il tarixində Bakıda – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Kırıkkale Universitetinin İslam elmləri fakültəsi və İslam Ölkələri Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə, II Beynəlxalq Simpozium isə 6-7 oktyabr 2023-cü il tarixində Türkiyədə – Kırıkkale Universitetinin İslam elmləri fakültəsi, İslam Ölkələri Tətbiq və Araşdırma Mərkəzi, Azərbaycan İlahiyyat İnstitutu, İndoneziya Sunan Kalijaga Cogyakarta Dövlət İslam Universiteti və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə keçirilib.