İlahiyyat İnstitutunun növbəti maarifləndirmə tədbiri Xaçmazda keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tərəfindən 2026–2027-ci tədris ili üzrə abituriyentlərin məlumatlandırılmaları məqsədilə maarifləndirici tədbirlər davam etdirilir.
Bu çərçivədə növbəti görüş Xaçmaz rayonunda baş tutub.
Tədbirdə məktəbin yuxarı sinif şagirdləri, müəllimlər və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Xaçmaz Rayon İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyhun Musayev ölkəmizdə milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğıdan bəhs edib. O, dini maarifləndirmənin əhəmiyyətindən danışıb, cəmiyyətin, xüsusilə gənc nəslin multikutural və tolerant mühitdə yetişməsinin vacibliyinə toxunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Quba-Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasıyev ölkəmizdə yaşayan bütün din nümayəndələrinin tolerant mühitdə, sərbəst və dinc şəraitdə fəaliyyət göstərdiklərini vurğulayıb.
E.Ağasıyev daha sonra vurğulayıb ki, Aİİ-də təhsil tamamilə ödənişsiz əsaslarla həyata keçirilir. Din təhsili almaq istəyən gənclərimiz məhz ölkəmizdə mövcud tolerant mühiti nəzərə alan ali təhsil müəssisəsini seçməlidirlər.
Aİİ Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov İnstitutun fəaliyyəti, məqsəd və hədəfləri, tədris olunan fənlər barədə ətraflı məlumat verib. O, yüksəkixtisaslı mütəxəssis kadrların hazırlanması üçün Aİİ-də tam şəraitin yaradıldığını, təhsilin tamamilə ödənişsiz olduğunu vurğulayıb.
İnstitutda təhsilin hər üç pilləsi üzrə mütəxəssis hazırlandığını qeyd edən kafedra müdiri daha sonra bildirib ki, tədris öz sahəsinin peşəkarı olan müəllimlər tərəfindən həyata keçirilir.
Ali təhsil müəssisəsinin rektor köməkçisi Emin Orucov Aİİ-yə və Bakı İlahiyyat Kollecinə qəbul prosesinin təşkili, mövcud ixtisaslar haqqında geniş məlumat verib. Təhsil müəssisələrinə qəbul olacaq hər bir abituriyentin dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan yararlanacağını bildirib.
E.Orucov, həmçinin xarici dillərə yiyələnmək imkanları, təqaüd proqramları, xaricdə təhsil, tələbələrin sosial həyatı haqqında ətraflı bəhs edib.