İlahiyyat İnstitutunun növbəti maarifləndirmə tədbiri keçirilib

07 Aprel, 2026

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tərəfindən 2026–2027-ci tədris ili üzrə abituriyentlərin məlumatlandırılmaları məqsədilə maarifləndirici tədbirlər davam etdirilir.
Bu çərçivədə növbəti görüş Bərdə rayonunda yerləşən 4 saylı tam orta məktəbdə təşkil olunub.
Tədbirdə məktəbin yuxarı sinif şagirdləri, müəllimlər və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Bərdə rayon 4 saylı tam orta məktəbin direktoru Gülnarə Əliyeva çıxış edərək bildirib ki, son illər ölkədə təhsilə göstərilən diqqət və qayğı məktəblərin maddi-texniki bazasının gücləndirilməsinə, tədrisin keyfiyyətinin yüksəldilməsinə mühüm təsir göstərib.
Direktor vurğulayıb ki, məktəblərdə şagirdlərin elmi biliklərə yiyələnməklə yanaşı, onların vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərə bağlı şəkildə formalaşmaları əsas prioritetlərdəndir. Bu istiqamətdə müxtəlif maarifləndirici tədbirlər, layihələr və görüşlər təşkil olunur.
Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, dosent Mirniyaz Mürsəlov qeyd edib ki, Azərbaycanda gənclərin milli-mənəvi dəyərlərə sadiq, sağlamdüşüncəli və vətənpərvər ruhda formalaşmaları dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
M.Mürsəlov çıxışında İnstitutun fəaliyyət istiqamətləri, hədəfləri və gələcək planları barədə ətraflı məlumat verib. O vurğulayıb ki, ali təhsil müəssisəsinin əsas missiyası cəmiyyətə yüksək mənəvi keyfiyyətlərə malik, milli və dini dəyərlərə hörmətlə yanaşan islamşünas və dinşünas kadrlar qazandırmaqdır.
Prorektor, həmçinin ölkədə mövcud olan sağlam dini mühitin qorunmasının vacibliyini diqqətə çatdıraraq qeyd edib ki, Azərbaycanın tolerantlıq ənənələri və multikultural dəyərləri daim dəstəklənməli, xarici təsirlərdən qorunmalıdır. Bunun üçün maarifləndirmə işlərinin gücləndirilməsi və gənclərin düzgün istiqamətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Aİİ-nin rektor köməkçisi Emin Orucov İnstituta qəbul prosesinin təşkili, mövcud ixtisaslar haqqında geniş məlumat verib. İnstituta qəbul olmuş hər bir abituriyentin dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan yararlanacağını nəzərə çatdırıb.
E.Orucov daha sonra xarici dillərə yiyələnmək imkanları, təqaüd proqramları, tələbələrin sosial həyatı haqqında da ətraflı danışıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

alt menü