İlahiyyat İnstitutunun müəllimi İraqda XII beynəlxalq dini və mədəniyyət forumunda iştirak edib

18 Dekabr, 2024

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İslamşünaslıq kafedrasının müəllimi, Hacı Cavad məscidinin imamı, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev İraqın paytaxtı Bağdad şəhərində “Hüseynin intibahı və təlim-tərbiyə metodlarının yenilənməsi” mövzusunda keçirilən XII beynəlxalq dini və mədəniyyət forumunda iştirak edib.
İbrahim Quliyev konfransda “Kərbəla hadisəsindən bəhs edən mənbələrin problematikası və İmam Hüseynin geneoloji kimliyi” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi Kərbəla hadisəsindən bəhs edən mənbələrin akademik təhlilinin zəruriliyi, mənbələrin hədisşünaslıq, mətnşünaslıq və mənbəşünaslıq cəhətdən təhlil- tədqiqinin əhəmiyyətli olmasından bəhs edib, mənbələrdə, xüsusilə də zəif və uydurma rəvayətlərin, tarixilik baxımından doğru hesab edilməyən hadisələrin xütbə və moizələrdə deyilməməsinin vacibliyini diqqətə çatdırıb.
O, həmçinin məruzəsində İmam Hüseynin şəxsiyyətinin geneoloji xüsusiyyətlərinə, İmamın İslam tarixindəki kimliyinin düzgün şəkildə öyrənilməsinin əhəmiyyətinə də toxunub, Kərbəla hadisəsinin və İmam Hüseynin şəxsiyyətinin müsəlmanlar arasında ayırıcı deyil, vəhdətə səbəb olacaq amillər kimi öyrənilməsinin mühüm olduğunu bildirib.
İ.Quliyev konfransı təşkil edən qurumların sertifikat və hədiyyələri ilə təltif olunub.

alt menü