İlahiyyat İnstitutunun müəllimi faşizm üzərində qələbənin 75-ci ildönümünə həsr olunmuş online konfransda iştirak edib

09 May, 2020

Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 75-ci ildönümünə həsr olunmuş "Vətənin müdafiəsi və azadlığı naminə xalqların və dini icmaların birliyi" mövzusunda elmi və maarifləndirici beynəlxalq onlayn konfrans keçirib. Onlayn konfransda dünyanın on ölkəsindən və Rusiya Federasiyasının 55 vilayətindən təmsilçilər, həmçinin 500-dən çox izləyici iştirak edib.

Telekonfransda Azərbaycan İlahiyyat İnstitutu İslamşünaslıq kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov məruzə ilə çıxış edib.

Əhməd Niyazov konfrans iştirakçılarını salamladıqdan sonra, Azərbaycan xalqının faşizm üzərindəki tarixi qələbədə mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, keçmiş SSRİ-nin II Dünya müharibəsindəki qələbəsində əvəzsiz xidmətləri olan Azərbaycan xalqı 700 min övladını cəbhəyə göndərmiş və onlardan 300 min həmvətənimiz öz canını qurban vermişdir. Müharibə zamanı göstərdiyi şücaətə görə, 123 azərbaycanlı “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb; 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şərəfli və rəşadətli hərbi yol keçib və yüzlərlə soydaşımız Avropanın müxtəlif bölgələrində partizan dəstələrinin tərkibində vuruşub.

Qürur hissi ilə qeyd edək ki, Azərbaycan nefti də öz növbəsində bu qələbədə həlledici rol oynayıb.

Ə. Niyazov daha sonra Sovet İttifaqının tərkibində yaşayan 20 milyon müsəlmanın sözügedən müharibədə qəhrəmanlıqla vuruşduğunu qeyd edib. Başda Azərbaycan xalqı olmaqla, Sovet İttifaqının tərkibində yaşamış müsəlman xalqları faşizmin işğal siyasətindən qorunmaq üçün əzmkarlıqla mübarizə aparıb. O, qeyd edib ki, haqq-ədalət uğrunda mübarizə, həm də Müqəddəs Qurani-Kərimin əsas prinsiplərindən sayılır.

Ə.Niyazov çıxşının sonunda Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, M.V. Lomonosov adına Moskva Dövlət Universiteti Dünya siyasətinin regional problemləri kafedrasının müdiri professor Vitali Naumkinə konfransdakı çıxışına görə təşəkkür edib. Məlumat üçün bildirək ki, professor Naumkin konfransdakı çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin faşizm üzərində Qələbə Günü – 9 May ilə bağlı dostluq mesajından bəhs edərək deyib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya televiziyasında çıxışına böyük maraqla qulaq asdıq. Hesab edirəm ki, bu çıxış, bizim ümumi qələbəmizə qardaş dövlətin başçısının çıxışı kimi nümunə olmalıdır. Mənim dostlarımın çoxu bu çıxışa göz yaşları ilə qulaq asıb. Bu çıxış qələbəyə münasibətin ən parlaq nümunəsidir”.

Ə.Niyazov, həmçinin konfransın təşkilatçılarından olan "Səmimiyyət – İslam dini” jurnalının baş redaktoru Səfa Kərimova daim Azərbaycanı və ölkəmizə aid dəyərləri ön planda tutduğuna görə təşəkkürünü bildirib.

Onlayn konfrans müraciət mətni ilə sona çatıb.

alt menü